Rusiyadakı erməni diaporundan Paşinyana ittiham: “Parçalanmışıq”

Dünya

23.08.2023 - 15:16

Ara Abramyan: “Ermənistan rəhbərliyinin diasporla iş üzrə siyasəti qənaətbəxş deyil, ölkə ciddi dəstəyini itirib”

“Ermənistanla diaspor arasında əlaqə kəsilib”. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Rusiya Erməniləri İttifaqının (SAR) rəhbəri Ara Abramyan deyib.

Onun sözlərinə görə, son illər diasporda dağılma, müxtəlif fikirlərə malik qruplar arasında parçalanma hiss olunur: “Deyə bilərəm ki, Rusiyada 400-ə yaxın erməni təşkilatı açılıb. Ermənilər SAR-a mənfi münasibət bəsləyərək nəsə etməyə çalışırlar, amma tezliklə bağlanırlar. Təəssüf ki, Rusiyada yer tutacaq təşkilat yoxdur. Onlar başa düşürlər ki, işləmək lazımdır, lakin bunu edə bilmirlər və SAR-ı işlərinə müdaxilə etməkdə ittiham etməyə başlayırlar”.

“Bundan əlavə, çox vaxt sosial şəbəkələrdə SAR tənqid və təhqir olunur, lakin bu, səmərəsizdir. Belə yanaşma Ermənistanın qarşısında duran əsas problemləri həll etməyəcək”, - deyə Abramyan vurğulayıb.

Onun sözlərinə görə, bu gün təkcə Rusiyada deyil, başqa ölkələrdə də diaspor yoxdur: “Rabitə kəsilib, Ermənistan ciddi qüvvə itirib. Ermənistan hakimiyyətinin diaspora qarşı siyasəti qənaətbəxş deyil. Diaspora təşkilatları ilə iş məsələsində hakimiyyət tərəfindən səsləndirilən, lakin həyata keçirilməyən 30 məqamı sadalaya bilərəm. Hesab edirəm ki, Ermənistan hakimiyyəti və diaspor birlikdə işləməli, bir-birini günahlandırmamalı, buraxılan səhvlərə görə bir-birinə hücuma keçməməlidir”.

“Əgər mənfi nəticələrə səbəb olan bir şey edilibsə, biz onları birlikdə, hamımız birlikdə aradan qaldırmalıyıq. Amma bunun əksi baş verir. Diasporla Ermənistan arasında heç bir əlaqə yoxdur, birgə tədbirlər yoxdur. Bunun əvəzinə hakimiyyət diasporu təmsil etməyən və onunla heç bir əlaqəsi olmayan naməlum şəxslərlə hansısa tədbirlər təşkil etməyə çalışır”, - deyə Abramyan vurğulayıb.

Abramyanın sözlərinə görə, 2018-ci il inqilabından əvvəl SAR Ermənistanda dövlətlə birlikdə onlarla tədbir keçirib: “Biz Xarici İşlər Nazirliyi, Diaspor Nazirliyi ilə işləmişik. Bu kifayət deyildi, amma heç olmasa irəliləyirdik. Bir növ əlaqə, hər şeyin yaxşı olacağına ümid var idi. Rusiyada 3 milyon erməni birləşib təşkilat yaratsa, şad olaram. Onlar hardadırlar? Qoy bunu etsinlər. Bu gün nə Ermənistan-diaspor əlaqələri var, nə hadisə, nə yanaşma, nə də siyasət”.

Müəllif: Turan Abdulla