Rusiya-Ukrayna müharibəsi nə vaxt və necə bitə bilər?

Dünya

05.06.2022 - 18:36

Masaya zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”

Rusiyanın Ukraynaya təcavüzünün 100 gününü arxada qoyduq. Görünən odur ki, hərbi anlamda “pat” vəziyyəti yaranıb. Kreml Ukraynanı işğal edə bilmədi, bilməyəcək də, amma Ukrayna da hərbi anlamda Krım qarşıq öz torpaqlarını Rusiya işğalında azad etməsi mümkünsüzdür.

Deməli, yaxın zamanlarda danışıqlar yenidən başlayacaq, sadəcə hər iki tərəf hərbi sahədə üstünlük qazanıb masaya oturmaq istəyir:

1. Rusiya qondarma “DLR/LNR”-in inzibati sərhədlərinə çıxmaq və Xerson, Zaparojye vilayətlərinin işğalını davam etdirmək istəyir

2. Ukrayna isə həm Donbasda bacardıqca mane olmağa, həm də masaya qədər Xerson və Zaparojye vilayətlərini işğaldan azad etməyə çalışır.

Əgər masaya qədər Rusiya istədiyinə nail olsa, o zaman bizim də başımıza gələn “7 rayon” hekayəsi təkrarlana bilər – atəşkəs elanı, illərlə davam edən mənasız danışıqlar, Kremlin, “Krımı, “DLR/LNR”-i tanıyın, Xersondan, Zaparojyedən çıxaq”, nağılları başlayacaq. Moskva 1990-larda Ermənistanın əli ilə bizə qarşı necə plan qurmuşdusa, eyni şeyi Ukraynanada da etməyə çalışacaq.

Ona görə də, Ukrayna bu gün haqlı olaraq danışıqlardan imtina edir, masa qurulana qədər rəsmi Kiyev məhz Xerson və Zaparojye vilayətlərinin böyük hissəsini, ya da tamamını işğaldan azad etməyə çalışacaq. Doğru olan da budur, masaya zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”, Ukraynada heç vaxt sabitlik olmayacaq.

Bütün bunları nəzərə alarq bizim sosial şəbəkələrdə və mediada da zaman-zaman “ABŞ sülh istəmir, Qərb Ukraynanı danışıqlar aparmağa qoymur”, kimi “solovyov-skabeyavavari” tezislər səsləndirilir. İnsanlar anlamır ki, bu gün Zelenski danışıqlara razı olsa, həmən vəzifəsini itirə bilər, ümumiyyətlə, Ukraynada indiki Kreml şərtləri ilə masaya otura biləcək siyasətçi yoxdur. Eləsini xalq, cəmiyyət qəbul etməz, edə bilməz. Ona görə də, danışıqları indiki şərtlərlə məhz Ukrayna istəmir, “Qərbin diktəsi ilə Kiyev danışığa getmir”, tezisi mənasızdır.

Amma bütün müharibələr sonunda məhz sülh danışıqları ilə nəticələnir, məhz masada bitir. Əgər yaxın aylarda, payıza qədər Ukrayna Xerson və Zaparojye vilayətlərinin böyük bir hissəsini işğaldan azad edə bilsə, bu, həm Rusiyanı ayıldacaq, həm də danışıqlarda üstünlük saxlayacaq.

Məncə, iki ölkənin hərbi prioriteti fərqlənir – Rusiya “DLR/LNR”-in sərhəddinə çıxmağı əsas hədəf sayır, Ukrayna isə məhz cənubu təmizləməyi əsas vəzifə hesab edir. Ona görə də, Ukraynaya daxil olacaq ağır silahları, yeni silahları biz Donbasdan daha çox məhz Xerson/Zaparojyedə görə bilərik və bu silahlar Ukraynaın masaya güclü oturması üçün həlledici ola bilər...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert