Rusiya Paşinyanı devirməkdə israrlıdır – Nikolun isə itirəcəyi heç nə yoxdur

Dünya

24.09.2023 - 16:31

Əhalinin “ülvi” hislərini istismar etməklə, “qaçqın-köçkün” hekayəsi alovlandırılmaqla çevriliş hazırlanır

Görünən odur ki, Putin Qarabağda yaşayan ermənilərin bir çoxunu İrəvana köçürərək orada vəziyyəti daha də qəlizləşdirib Paşinyanı devirməkdə israrlıdır. İrəvan erməniləri ilə bu iş alınmır, indi əhalinin “ülvi” hislərini istismar etməklə, “qaçqın-köçkün” hekayəsini alovlandırmaqla çevriliş hazırlayır.

Nikol Paşinyanın artıq itirəcəyi heç nə yoxdur, Ermənistanın 10 Noyabr Üçtərəfli Birgə Bəyanatdan çıxdığını elan etsə, oktyabrın əvvəlində Avropada baş tutacaq görüşdə sülh sazişinin qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə başlayan ilk protokolunu inzalasa, əla olar.

Bu zaman “rusməramlıların” Qarabağda qalması üçün bütün hüquqi təməl çökər. Bu niyə vacibdir?! Bu gün Rusiya da, Qərbin bəzi savadsız siyasətçiləri də Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə bir tək Azərbaycanın məsuliyyət daşıdığını deyirlər – təbii ki, Azərbaycan dövləti və hökuməti öz ərazisində yaşayan erməni əsilli azərbaycanlıların (vətəndaşlıq tanımıdır) təhlükəsizliyinə zəmanət verməlidir, təmin etməlidir. Amma o şərtlə ki, o bölgədə digər əlisilahlı heç bir qüvvə olmasın: ya biz elan etməliyik ki, ola biləcək provokasiyalara görə “rusməramlılar” məsuliyyət daşıyır, ya da deməliyik ki, siz çıxın, ərazidə başqa heç bir silahlı qüvvə qalmasın. O zaman da bütün məsuliyyəti biz öz üzərimizə götürürük.

Nə qədər ki, ruslar ordadır, istənilən provokasiya törədib bunu Azərbaycanın üzərinə ata bilərlər...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert