FHN aşkar edilmiş nöqsanların aradan qaldırılmadığını müəyyənləşdirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin, nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.
Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub.
Qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.