Razılaşmadan imtina: Paşinyan yenidən Əliyevin qapısını döyməyə məcbur olacaq

Aktual

10.02.2022 - 21:18

Asif Nərimanlı: "Bakının addımları təkcə diplomatiya ilə yekunlaşmaya və qaytarılan ermənilərin yerini doldurmaq istiqamətində mümkün addımlar atıla bilər"

Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirildi, əvvəlcədən müəyyən edilmiş gündəliyə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı.

Görüşlə bağlı yayılan məlumatda qeyd edilmişdi ki, müzakirələr zamanı İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib. Dövlət başçısı Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsini qabardıb. Görüşdə eyni zamanda, UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

Dördtərəfli görüş formatından sonra Azərbaycan razılaşmaya uyğun olaraq, ötən ilin noyabrında sərhəddə təxribat törədərkən yaxalanan 8 erməni əsirini qarşı tərəfə təhvil verib. Məlumatda qeyd edilirdi ki, qarşılığında Ermənistan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir. Lakin görünür, Ermənistan bu razılaşmadan da boyun qaçırır. 

Belə ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Hunanyan məsələ ilə bağlı bildirib ki, Ermənistan tərəfi itkin düşənlərin taleyinin üzə çıxarılması ilə bağlı hər hansı birtərəfli öhdəlik götürməyib. “Həm birinci, həm də ikinci Qarabağ müharibəsində erməni tərəfinin itkin düşənləri var. İtkin düşənlərin taleyini öyrənməyə çalışırıq. Bununla bağlı Ermənistan tərəfi heç bir təktərəfli öhdəlik götürməyib”.

Dördtərəfli videoformatda görüşün əhəmiyyəti, İrəvanın yenə də əldə olunan razılaşmaların icrasından imtina cəhdinin nələrə vəsilə olacağı ilə bağlı AYNA-nın suallarına siyasi icmalçı Asif Nərimanlı cavab verib. 

- Liderlərin dördtərəfli videogörüşünün nəticələrini necə qiymətləndirmək olar?

- Makronun vasitəçiliyi ilə baş tutan bu görüşdən siyasi və praktiki olmaqla, iki nəticə çıxara bilərik. Siyasi nəticə rəsmi Bakının mövqeyinə uyğundur, hətta deyərdim ki, Azərbaycan postmünaqişə dövründə irəliyə doğru daha bir diplomatik addım atdı. Söhbət münaqişənin bitdiyi və bölgədə postmünaqişə dövrünə aid reallıqların Fransa tərəfindən də qəbul edilməsindən gedir. Fransa münaqişənin bitmədiyini ən çox iddia edən, “status” məsələsini gündəmdə saxlayan ölkə idi. Lakin dördtərəfli görüşün yekunlarına dair Makron və Mişelin birgə bəyanatı bu mövqeyin dəyişdiyini deməyə əsas verir. Görüşlə bağlı Ermənistan tərəfi “Dağlıq Qarabağ münaqişəsinin həlli” məsələsinin müzakirəsindən bəhs etsə də, belə görüşlərdə əsas olan yekun bəyanatlarda nələrin əksini tapmasıdır. Makron faktiki olaraq Brüssel görüşünün nəticəsi ilə razılaşdı və nə “Qarabağ”, nə də “Minsk Qrupu” məsələsinə toxunmadan postmünaqişə dövrünə dair çağırışlar etdi və bu, Bakının müharibədən sonra irəli sürdüyü gündəliyə uyğundur. Görüşün siyasi baxımdan Azərbaycanın mövqeyinə uyğun olduğunu deyə bilərik. 

8 ermənini geri qaytarmaqla praktiki olaraq Ermənistan qazandı, əvəzində kütləvi məzarlıqların koordinatlarının verilməsi məsələsindən imtina edir. Siyasi və praktiki nəticə arasında müqayisə apardıqda fikrimcə Bakı görüşdən daha qazanclı çıxıb.

- Maraqlıdır, Əliyevlə Paşinyan arasında son iki görüşdə əsas vasitəçi Rusiya yoxdur. Bunu danışıqların yeni formatı saymaq olarmı?

- Rusiya vasitəçiliyinə istənilən alternativi qəbul etmir. Fikrimcə, Brüssel görüşü və Makronun təşkil etdiyi dördtərəfli görüş də Moskvanın şərait yaratması ilə baş tutub. Brüssel görüşü Moskvanın nöqteyi-nəzərindən Qərbin Minsk Qrupu üzərindən bölgəyə müdaxiləsi və Rusiyanın vasitəçiliyinə alternativin yaratmasının qarşısını almağa hesablanmışdı. Avropa İttifaqı ilə Qərbdə Fransa və ABŞ-ın “münaqişə bitməyib” mövqeyinə qarşı alternativ çıxarıldı. Brüssel görüşünün yekun bəyanatının postmünaqişə dövrünə həsr edilməsi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilməsi də bunu deməyə əsas verir. Fransanın vasitəçiliyinə “yaşıl işığın” yandırılması da bu strategiyanın davamı hesab oluna bilər və Moskva Vaşinqtonla qarşıdurma kontekstində Parisə belə bir şərait yaratdı. ABŞ-Rusiya qarşıdurmasında hər iki tərəf Avropa cəbhəsinə oynayır. Vaşinqton Avropanı anti-Rusiya cəbhəsinə daxil etmək üçün mümkün qədər gərginliyi artırmaq və NATO prinsiplərinə təhlükənin yaradılması istiqamətində çalışır. Moskva isə qaz rıçaqları, eləcə də Avropanın prosesdə güc mərkəzi olmaq istəyindən istifadə edir. Proseslər ABŞ-Rusiya qarşıdurmasının Avropa cəbhəsində Moskvanın bir addım öndə olduğunu göstərir. Bu baxımdan, Putin Parisin vasitəçiliyinə şərait yaratmaqla Makrona jest etdi. Dördtərəfli görüşün Makronun Moskva səfərindən öncə keçirilməsi, eləcə də, görüşün yekununa dair Makronla Mişelin birgə bəyanatının mətninin postmünaqişə dövrünə həsr edilməsi də bu fikri gücləndirən amillərdir. Burada Rusiya öz vasitəçiliyinə qarşı yarana biləcək, eyni zamanda, Fransanın, Fransanın hazırda sədrlik etdiyi Avropa İttifaqının ABŞ-ın cəbhəsində yer almaq risklərini azaltdı. Azərbaycan isə ümumi prosesdən qazanclı çıxan tərəfdir. Çünki Minsk Qrupunun iki həmsədr ölkəsi artıq postmünaqişə reallığını və Azərbaycan-Ermənistan münasibətlərində sülh sazişinə hazırlıq prioritetini qəbul edir.

- Dördtərəfli görüşdə əldə olunan razılaşmaların icrası nə dərəcədə realdır? 

- Görüşdə əsas razılaşma UNESCO-nun missiyasının maddi-mədəni abidələrin qorunması məqsədilə hər iki ölkədə fəaliyyətə başlamasına dairdir. Azərbaycan tərəfi müharibədən öncə UNESCO-nun Qarabağda belə bir missiyaya başlamasını istəyirdi, lakin təşkilat indiyə qədər imtina etmişdi və burada erməni lobbisinin təsiredici rolu var idi. İndi missiyanın başlanması razılığı var və biz bundan həm Qarabağda erməni vandalizminin aktlaşdırılması, həm də “xristian abidələrinin dağıdıldığı” ittihamının yalan olduğunun göstərilməsi üçün istifadə edə bilərik. Bu razılaşmanın reallaşması mümkündür. Onu da qeyd edim ki, Ermənistan UNESCO-nun gəlişi öncəsi Azərbaycana qarşı genişçaplı kampaniyaya başlayıb. Bu məqamı diqqətdən qaçırmamalıyıq və buna qarşı fəaliyyətin genişləndirilməsinə ehtiyac var.

Digər razılaşma kütləvi məzarlıqların koordinatlarının verilməsidir. Ermənistan tərəfi bundan imtina etdi, lakin İrəvanın açıqlaması da görüşdə bu məsələnin müzakirə edildiyi və qaytarılan ermənilərə qarşılıq bu öhdəliyin götürüldüyünü deməyə əsas verir. Rəsmi İrəvan razılaşmanın olduğunu təkzib etmir, birtərəfli qaydada öhdəlik götürmədiyini deyir. Paşinyan da iddia edir ki, Birinci Qarabağ müharibəsində ermənilərdən də itkin düşənlər var, onların da taleyi müəyyən edilməlidir. Fikrimcə, bu razılaşmanın icrası zaman alacaq. Lakin bütün hallarda məsələnin gündəmə gətirilməsini prosesin başlanğıcı hesab edə bilərik.

- İrəvanın toplu məzarlıqlarla bağlı razılaşmalardan imtinasına səbəb nədir?

- Kütləvi məzarlıqların koordinatlarının verilməsi Ermənistanın son 30 ildə apardığı təbliğatın ifşa edilməsi və Azərbaycana qarşı törədilən soyqırımı siyasətinin etirafı ilə nəticələnəcək. Bu, erməni diasporu üçün də ciddi zərbə ola bilər. Bu baxımdan, Ermənistan maksimum bu məsələdən boyun qaçıracaq. Lakin məsələni davamlı olaraq bağlı saxlamaq da mümkün deyil. Fikrimcə, indi olmasa belə, gələcəkdə kütləvi məzarlıqların koordinatları ilə bağlı irəliləyiş əldə edə bilərik.

- Ermənistanın imtinasına rəsmi Bakının cavabı hansı formada ola bilər?

- Azərbaycan tərəfi təbii ki bu məsələni prioritet olaraq gündəmdə saxlayacaq və Bakıda saxlanılan digər ermənilərdən bu istiqamətdə istifadə edəcək. 8 erməninin qarşılığında Ermənistanın öhdəliyini yerinə yetirməməsi Bakı üçün nəticə çıxarılmalı məsələ oldu və bundan sonra ermənilərin qaytarılması prosesi əvvəlcə İrəvanın öhdəliyini yerinə yetirməsi qarşılığında mümkün ola bilər. Paşinyan yenidən Əliyevin qapısını döyməyə məcbur olacaq, çünki Bakıda saxlanılan ermənilərin qaytarılması Ermənistan daxili siyasətində ciddi mövzulardan bidir. Növbəti dəfə Paşinyan üçün məsələ bu qədər asan olmaya bilər. Bununla yanaşı, Bakının bu məsələdə addımları təkcə diplomatiya ilə də yekunlaşmaya, qaytarılan ermənilərin yerini doldurmaq istiqamətində mümkün addımlar da atıla bilər. Hansı ki, Qarabağda və sərhəddəki vəziyyət buna tam imkan verir. Məncə Prezident Əliyevin ilin əvvəlində Ermənistana verdiyi 6 aylıq müddətdə maraqlı proseslər baş verə bilər.

Müəllif: Anar Bayramoğlu