DİN hadisə ilə bağlı məlumat yayıb
Avqustun 13-ü səhər saatlarında Qusardan Bakı istiqamətində hərəkətdə olan “Temsa” markalı sərnişin avtobusu aşıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus Quba rayonunun Digah kəndi ərazisində yoldan çıxaraq aşıb.
Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.