Qoca çinar aşdı - özü sakinlərin, məsuliyyəti məmurların üstünə - VİDEO

Cəmiyyət

22.04.2022 - 22:48

Dövlət qurumları ötür-ötür yarışına girib, bəs vətəndaşlar kompensasiya ala biləcəklərmi?

Deyirlər ki, təbiətin pis havası yoxdur, lakin Azərbaycanda havanın qəfil dəyişməsi ölkə vətəndaşları üçün yeni problemlər yaradır. Yerli hakimiyyət orqanları bu problemləri həll etməkdən imtina etdiyindən, vətəndaşlar kömək üçün mediaya müraciət etməli olurlar.

Bərdə şəhəri, Koroğlu küçəsi, ev 37 ünvanında yaşayan Mehman Kərimov AYNA-ya ünvanladığı məktubunda qeyd edib ki, bu il aprelin 14-də onun və qonşularının evinin üstünə nəhəng çinar aşıb: “Bu çinarın təxminən 500 yaşı var. O, çoxdan tamamilə çürümüşdü. Bu ağac yaxınlıqdakı evlər üçün böyük təhlükə idi”.

“2019-cu ilin avqust ayında Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin qəbulunda olmuşam və bu ağacın kəsilməsini xahiş etmişəm. Prezident Administrasiyasının nümayəndələri də həmin vaxt icra başçısının kabinetində olublar. Onların yanında Vidadi İsayev mənə söz verdi ki, bu ağac kəsiləcək. Amma təəssüf ki, vədinə əməl etmədi”, - vətəndaş bildirib.

Kərimovun sözlərinə görə, onun evi sığortalanmayıb: “Ev, demək olar ki, tamamilə dağıdılıb. Evimi bərpa etməyə pulum yoxdur. Bərdə Rayon İcra Hakimiyyətindən kömək istədim, heç bir köməklik olmadı. Çinarın aşması nəticəsində qonşuların evlərinə də ziyan dəyib”.

Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) Ərazi idarəetmə şöbəsinin müdiri Bəxtiyar Abdiyev məsələ ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, RİH-in vətəndaşa yardım etməyə imkanı çatmır: “İcra hakimiyyəti nə etməlidir? Zərərçəkmişlərə kömək etmək üçün ehtiyatımız yoxdur”.

Şöbə müdirini şikayətçinin hələ 2019-cu ildə RİH-ə müraciət etdiyini və ətrafdakı evlərə təhlükə yaradan çinarın kəsilməsini istədiyini xatırlatdığımıza Abdiyevin cavabı belə olub: “Çinarın aşması nəticəsində təkcə Mehman Kərimovun evinə ziyan dəyməyib. Hazırda Fövqəladə Hallar Nazirliyi dəymiş ziyanı hesablayır. Ola bilər ki, zərərçəkənlərə kompensasiya ödənilsin”.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonunda zərərçəkənlərə təzminat ödəyəcəkmi? Bu sualı FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya ünvanlamağa çalışsaq da, təəssüf ki, onunla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Sonra Nazirliyin Qarabağ Regional Mərkəzinə üz tutduq. Xatırlatmaq istərdik ki, FHN-in Bərdə rayonu ərazisində yerləşən strukturları bu mərkəzə tabedir. Mərkəzin Allahverdiyev soyadlı əməkdaşı sualımıza “bilmirəm” cavabını verdi.

FHN-in “qaynar xətt”i ilə də əlaqə saxladıq. Bu xidmətin əməkdaşları Mehman Kərimovun kömək üçün Bərdə RİH-ə müraciət etməsini tövsiyə etdilər. Nəticədə məlum oldu ki, vətəndaş yalnız məhkəmə yolu ilə ədalətə nail ola biləcək...

Müəllif: Rəşad Rüstəmov