Yaralananların vəziyyəti orta ağır qiymətləndirilir
Qəbələ rayonunun Tüntül kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, Tüntül kəndi ərazisində “Mersedes” markalı avtomobil sürət həddini aşaraq idarəetmədən çıxıb və yolun kənarından keçən qaz xəttinə çırpılıb.
Rayon sakini 25 yaşlı Dəyanət Həsənli sürətlə idarə etdiyi "Mercedes" markalı avtomobildə idarəetməni itirdiyindən yolun kənarına çıxıb və qaz kəmərinə çırpılıb. Qaz xəttində sızmalar olduğundan kəndə verilən mavi yanacaq dərhal dayandırılıb.
Qəza nəticədə avtomobilin sürücüsü Dəyanət Həsənli eləcə də sərnişinləri - rayon sakinləri 23 yaşlı Kamil Baloğlanov və 25 yaşlı Vüsal Səfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım maşını ilə hər üç şəxs Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qəzada yaralananlar müayinədən keçirilib, müalicələr təyin edilib. Hazırda onların vəziyyəti orta ağır qiymətləndirilir və müalicələri xəstəxanada davam etdirilir.
Qəza ilə bağlı Qəbələ Rayon Polis şöbəsində araşdırma başlanıb, qəzanın təfərrüatları araşdırılır.