Qazaxda 19 kilometrlik avtomobil yolu yenidən qurulub

Xəbərlər

02.02.2023 - 17:03

3 yaşayış məntəqəsi arasında gediş-gəliş asanlaşıb

Qazax rayonunun Qarapapaq–Çaylı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşıb. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, IV texniki dərəcəyə uyğun bərpa olunan və uzunluğu 19 kilometr olan avtomobil yolunun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni 6 metr təşkil edir, çiyinlərin eni isə müvafiq olaraq 2 metrdir.

Layihə çərçivəsində yolun 16,6 kilometr uzunluğa malik Çaylı, həmçinin 2,4 kilometrlik Qarapapaq hissələrində "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən torpaq əsaslı ərazidə deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülərək yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının inşası və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün salınması işləri aparılıb.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra zəruri yerlərdə hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəkləri və kilometr göstəricilərinin, dayanacaqların quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Layihənin icrası nəticəsində 14 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəliş, eləcə də yük və sərnişin daşıması asanlaşıb.

Müəllif: Ayna.az