Qapıdan qovduğumuz bahalaşma bacadan girir: düyü, yağ, şəkər tozu...

İqtisadiyyat

09.08.2023 - 10:16

Ekspert: “Milli iqtisadiyyat inhisarların məngənəsindədir, dünyada qiymətlər qalxan kimi daxildə qiymətlər dərhal artırılır”

Dünyada düyü qıtlığının olacağı proqnozlaşdırılırdı və məhsul qıtlaşarsa, onun qiymətləri sıçrayışla qalxır. Bir sözlə, dünya bazarlarında qiymətlər gözlənildiyi kimi qalxıb və idxaldan asılı ölkəmiz ümumi qiymət artımından kənarda qalmayacaq.

Liberal İqtisadçılar Mərkəzinin (LİM) sədri Akif Nəsirli AYNA-ya deyib ki, ölkəmizdə düyünün bahalaşmasından qaçmaq mümkün olmayacaq: “Artıma dünya qiymətlərinin artması və yerli iqtisadiyyatın xüsusiyyətləri səbəb olub. Milli iqtisadiyyat inhisarların məngənəsindədir, ona görə də ərzaq qiymətlərinin qlobal ucuzlaşması, bir qayda olaraq, daxili qiymətlərə təsir etmir, lakin dünya qiymətləri qalxan kimi pərakəndə satış şəbəkəsində qiymətləri dərhal artırır”.

“Məsələ burasındadır ki, yerli sahibkarlar dünya qiymətlərinin aşağı düşməsindən istifadə edərək, baha satmaqda davam edir və bununla da yüksək gəlir əldə edirlər. Ona görə də burada qlobal bazarlarda azalma demək olar ki, hiss olunmur. Ancaq bəzi məhsulların xaricdə qiymət artımına işarə etmək kifayətdir, çünki burada bu malların qiymət etiketləri, hətta artan qiymətli məhsulların partiyasının ölkəyə gəlməsini gözləmədən dərhal artmağa başlayır”, - deyə həmsöhbətimiz bildirib.

Ona görə də iqtisadçı hesab edir ki, dünyada düyünün bahalaşması mütləq daxili qiymətlərə təsir edəcək - bu məhsulun orta qiyməti artacaq.

Məhsulun dünya qiymətləri bir sıra səbəblərə görə yüksəlir - məsələn, Taylandda. Bu ölkə düyü istehsalçılarının dünya reytinqində birinci sayılır. İndi orada yağıntıların miqdarı xeyli azalıb. Beynəlxalq media orqanların suya qənaət etmək niyyəti ucbatından oradan dünya bazarlarına düyü tədarükü azalacağını yazır.

Pakistanda daha əvvəl istehsal 30%-dən çox azaldığı üçün düyü ixracına məhdudiyyətlər qoyulub. Üstəlik, iyul ayında Hindistan Basmati istisna olmaqla, düyü ixracını azaldıb. İstehlak məhsulunun daxili qiymətini saxlamaq üçün bu ölkənin belə tədbirlərə ehtiyacı var idi. Nəticədə iyulun sonuna Asiya-Sakit okean regionunda düyünün birja qiyməti bir ton üçün 572 dollara çatıb ki, bu da üç ilin rekordu olub.

Eyni zamanda, “Fitch Solutions” şirkətinin araşdırmasına görə, bu il qlobal düyü bazarı ciddi tədarük çatışmazlığı ilə üzləşəcək - son 20 ilin ən böyük çatışmazlığı. Agentliyin proqnozlarına görə, 2022-2023-cü illər mövsümündə bu kəsir təxminən 8,7 milyon ton təşkil edəcək.

Beləliklə, bu, bazar həcminin 18,6 milyon ton olduğu 2003/2004-cü illərdən bəri ən böyük düyü qıtlığıdır. Bütün bunlar son 20 ildə dünya bazarlarında düyünün qiymətində rekord artıma səbəb olub və bu artım yerli bazara da təsir edəcək.

İqtisadçı ekspertlərin fikrincə, Azərbaycanda düyünün qiyməti orta hesabla 30 faiz arta bilər. Bu məhsul respublikamıza Hindistan, Qazaxıstan, Rusiya, Tayland və Pakistandan gətirilir.

Düyüdən əlavə, payıza qədər bu məhsul dünya bazarlarında güclü bahalaşarsa, yerli analitiklər bitki yağlarının yeni qiymət artımı dalğasını da gözləyirlər. Bu arada, dünya bazarlarında qiymətlərin cüzi artımı bizim distribütor şəbəkəmizdəki qiymət etiketlərinə təsir etməyəcək, çünki onlar pandemiya illərində çox bahalaşıb.

Lakin A.Nəsirli bitki yağlarının bahalaşacağını ehtimal vermir: “Artıq Azərbaycanda bitki yağları baha satılır, ona görə də yaxın gələcəkdə onların qiymətlərinin qalxacağını düşünmürəm. Biz onları dünya bazarındakı qiymətlərdən ən azı iki dəfə baha satırıq. Ona görə də beynəlxalq bazarlarda cüzi artım Azərbaycan piştaxtalarına təsir etməsə də, payıza qədər bitki yağları bahalaşarsa, bizdə də məhsul bahalaşacaq”.

Bu arada, yerli pərakəndə satış şəbəkəsində şəkər tozunun pərakəndə və topdansatış qiymətləri yüksəlməyə başlayıb. Artım hələ də cüzidir - orta qiymət 10-20 qəpik artıb, 50 kiloqramlıq kisənin topdansatış qiyməti isə 4 manat artıb.

Avstraliyanın “Green Pool” analitik agentliyinin məlumatına görə, 2023/24-cü illərdə qlobal şəkər kəsiri 1,01 milyon ton səviyyəsində qiymətləndirilir. Bu, bazarda üç illik profisit dövrünün sonu olacaq.

Müəllif: Emma Rzayeva