“Putinin Sumqayıt hadisələrini qabartması daxili auditoriyaya mesajdır” – <font color=red> Sabiq nazir</font>

Siyasət

22.12.2020 - 13:31

Tofiq Zülfüqarov: “Rusiya rəhbərliyi ermənilərin qəzəbini neytrallaşdırmaq üçün bu cür gedişlər edir”

 

Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-də ənənəvi illik mətbuat konfransı keçirdi. Koronavirusa görə onlayn formatda təşkil olunan konfransda Putin suallara Moskvadakı Novo-Oqaryovo iqamətgahından cavab verdi. Mətbuat konfransında diqqət çəkən mövzulardan biri də Rusiya Prezidentinin Qarabağ ətrafında baş verənlərlə bağlı danışması oldu. 

 

Belə ki, Putin son 3 ay ərzində artıq 3-cü dəfə Qarabağ münaqişəsinin tarixini saxtalaşdırır və Qarabağ münaqişəsinin səbəbi kimi Sumqayıt hadisələrini göstərir. Təbii ki, münaqişənin başlama səbəbi ermənilərin ərazi iddiaları və 1987-ci ildən Ermənistan SSR-də aparılan etnik təmizləmələrdir. Bəs, belə olan halda, xüsusən də Rusiya “sülhməramlıları”nın Qarabağda yerləşdirilməsindən sonra Putinin “Sumqayıt hadisələri”nə toxunması nə anlama gəlir və Putin nə üçün hər dəfə Sumqayıt hadisələrini yada salır?

 

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov indiki mərhələdə bu hadisənin yada salınmasının düzgün olmadığını deyib:

 

- Amma biz başa düşməliyik ki, Putinin fikirləri daxili siyasət üçün istiqamətlənmiş tədbir də ola bilər, çünki Putin bir siyasətçi kimi başa düşür ki, Rusiyada milyonlarla erməni yaşayır. Təbii ki, həmin bəyanat həqiqəti əks etdirmir, sadəcə olaraq daxili auditoriya üçün hesablanmış bəyanatdır və indiki mərhələdə münaqişə ilə bağlı heç bir aktuallığı yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquqla müəyyən edilmiş sərhədlərini bərap edib və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinə son qoyub.

Tofiq Zülfüqarov: “Onu mən

- Ümumiyyətlə, Sumqayıt hadisələri haradan və necə qaynaqlanmışdı? Yəni, əslində Sumqayıtda nə baş vermişdi ki, Rusiya Prezidenti bu məsələyə toxunmadan keçmir?

 

- Bəlli məsələdir ki, istər Azərbaycanda, istərsə də digər yerlərdə bu hadisənin xüsusi xidmət orqanları tərəfindən törədilmiş olduğunu və Azərbaycana qarşı təxribat olduğunu hamı bilir. Yəni, bu hadisə qəsdən törədilmişdi. Sadəcə olaraq həqiqətin üzə çıxmaması üçün bu cür fikirlər səsləndirilir. Bu cür münaqişələr əslində, müxtəlif yerlərdə müxtəlif təxribatlar yaratamaq üçün baş verir. Bəllidir ki, xüsusi xidmət orqanlarının əli olmasaydı, bu cür hadisələr də baş verməzdi. Bəziləri bunu ermənilərin törətdiyini deyir, bəziləri isə başqa fikirlər səsləndirirlər. Təbii ki, bu hadisədə ermənilərin də əli var idi, amma daha çox SSRİ KQB-sinin agenturası bu cür hadisələri törədirdi. Həm də təkcə Azərbaycanda yox, Orta Asiya və digər yerlərdə də bu cür hadisələr təşkil edilirdi. Çünki Sovet İttifaqı dağılanda idarəetmə mexanizmi kimi bu formada süni münaqişələr yaradılırdı ki, bunun qarşısını almaq mümkün olsun.

 

- Bu cür fikirlərin zamansız səslənməsi, həm də tarixi hadisələri saxtalaşdırmaq missiyasından qaynaqlana bilərmi?

 

- Hesab edirəm ki, indiki mərhələdə bu mövzu aktual deyil. Daha dəqiq desək, daxili auditoriya üçün bu cür sözlər deyilməlidir. Çünki Azərbaycan Ordsunun Ermənistan ordusunu darmadağın etməsi və digər hadisələrə görə, Rusiyada yaşayan ermənilər Rusiya hakimiyyətinə qarşı ittihamlar səsləndirir, təbii ki, bunu neytrallaşdırmaq üçün də belə bəyanatlar verilir. Amma dediyim kimi, bu fikirlərin praktiki cəhətdən heç bir əhəmiyyəti yoxdur.

 

- Yəni, Vladimir Putin bu cür fikirlərlə ermənilərin nazıyla oynayır?

 

- Belə deməzdim, sadəcə bu, siyasətin bir qaydasıdır. Bildiyiniz kimi, bu cür birtərəfli çıxışlar, adətən daxili auditoriya üçün istiqamətlənir və müxtəlif məqamlarda müxtəlif siqnallar ötürülür. Amma praktiki siyasət baxımından gördük ki, müharibə vaxtı Rusiya rəhbərliyinin siyasəti ermənilərin qəzəbinə səbəb oldu. Bu qəzəbi və ittihamları neytrallaşdırmaq üçün də bu cür tarixi “ekskursiyalar” baş verir. Amma buna çox da önəm vermirəm.

 

- Lakin Rusiya Prezidentinin bu məsələyə toxunması, həm də ermənilərin təhlükəsizliyi ilə bağlı mesaj ötürmək kimi də dəyərləndirilir. Daha dəqiq desək, bu təhlükəsizliyi təmin etmək üçün ən yaxşı halda Qarabağdan ermənilərin çıxarılması, ən pis halda isə Dağlıq Qarabağın tanınması üçün prosesin başlanılmasına nail olmaq kimi...

 

- Mən belə düşünmürəm. Əskinə, belə məqamlarda real hadisələrə baxmaq lazımdır. Reallıq da odur ki, artıq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə demək olar ki, 90 faiz son qoyulub. Təbii ki, Rusiyanın başqa bir mövqeyi olsaydı, bəlkə də bu problem belə asanlıqla həll edilməzdi, itkilərin sayı daha çox olardı, indiki reallığın əksinə bir nəticə baş verərdi. Amma biz Rusiya rəhbərliyinin mövqeyini gördük. Bəzən deyilir ki, gələcəkdə bizim əleyhimizə olan hadisələr baş verəcək, amma bizim əleyhimizə proseslər planlaşdırılsaydı, yerdə qalan ərazilərin konfiqurasiyası aparılmazdı, Kəlbəcər bizə təhvil verilməzdi və s. Ona görə də dərin nəticələr axtarmaq yox, reallığa baxmaq lazımdır.

Müəllif: Mərahim Nəsib