“Putindən olsa, bu dəqiqə müharibəni saxlayardı...”

Siyasət

26.07.2023 - 10:21

Anar Mahmudov: “Rusiya dünyanı çörəklə imtahana çəkə bilməyəcək”

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Qısa müddət ərzində Ukraynanı təslim edəcəyini düşünən Kreml Kiyevin sərt dirənişi ilə üzləşib. Müharibədə ağır itkilərə məruz qalan Rusiya Ukrayna taxılının daşınmasının qarşısını alıb.

NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb. İclasda son hadisələrlə bağlı məsləhətləşmələr aparılacağı və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasının müzakirə ediləcəyi gözlənilir.

Bu arada, Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb. Qərargahın məlumatına görə, hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 241 960 hərbçisi məhv edilib. Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin 4 151 tankı, 8 150 zirehli maşını, 3 958 operativ-taktiki PUA-sı, 4 658 artilleriya sistemi, 451 hava hücumundan müdafiə sistemi, 315 təyyarəsi, 310 helikopteri, 7 172 avtomobili və tanker, 696 xüsusi texnikası məhv edilib.

Kanadada yaşayan azərbaycanlı politoloq Anar Mahmudov AYNA-ya müsahibəsində Rusiya-Ukrayna müharibəsi, regional konfliktlər və digər müzakirələr ətrafında danışıb.

- Rusiya “Taxıl sazişi üzrə Qara dəniz anlaşmalarının qüvvəsini itirdiyini bəyan etdi. İddia olunur ki, Ukrayna ilə taxıl müqaviləsi uzadılmasa, dünyanı qidalandırmaq çətin olacaq...

- Rusiya-Ukrayna müharibəsinin fəsadları müxtəlif cəbhələrdə özünü göstərir. Müharibə geosiyasi gərginliyi, qarşı duran tərəflər və onlara havadarlıq edənlər arasında aqressiyanı gücləndirməklə yanaşı, dünya iqtisadiyyatına da ciddi mənfi təsirlər göstərir. Qlobal ərzaq təhlükəsizliyinə yaranan təhdidlər isə xüsusi narahatlıq doğurur. Bununla bağlı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dəfələrlə həyəcan təbili çalınıb. “Taxıl sazişi”ni kövrək edən həm də Rusiyanın bu ölkənin şərtlərinin yerinə yetirilmədiyini iddia etməsidir. Rusiya rəsmiləri “Taxıl sazişi” ilə bağlı verilən vədlərin yerinə yertirmədiyini bəyan edir. Moskva iddia edir ki, “Taxıl sazişi”nin, effektini üçüncü dünya ölkələri və ehtiyacı olanlar görmür. Əksinə, müəyyən qüvvələr bundan yararlanırlar.

Amma Rusiya tərəfinin taxıl sazişinin uzadılması ilə bağlı irəli sürdüyü şərtlər əslində tamamilə fərqli niyyətdən xəbər verir. Rusiya bu fürsətdən istifadə etməyə və özünə sərf edən sutasiya yaratmağa çalışır. Yəni, bir növ taxıl böhranı ilə özünə qarşı yönələn embarqoları zəiflətməyə, Avropanı çörəklə imtahana çəkməyə səy göstərir. Lakin düşünmürəm ki, Rusiya bu məsələdə sona qədər dirəniş göstərəcək. Mütəmadi olaraq bu sazişdən çıxdığını bəyan etsə də, dünyanı davamlı taxıl böhranı ilə üz-üzə qoya bilməyəcək. Çünki şimal qonşumuzun vəziyyəti yaxşı deyil. Daxildə də narazılıqlar çoxalmağa başlayır. İqtisadi sabitlik pozulmağa doğru gedir. Belə bir vəziyyətdə dünyanı ərzaq sınağına çəkməsi ona qarşı daha təsirli mübarizəyə gətirib çıxara bilər. Moskva buna getməyəcək və bir müddət sonra bu saziş yenidən uzadılacaq.

- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb. 240 mindən artıq rus hərbçisi həlak olub. Görünən odur ki, müharibə hələ uzun müddət davam edəcək. Bu qədər itkinin qabağında Rusiya niyə israr edir ki?

- Əslində, bu, Rusiya ilə Ukraynanın deyil, Qərblə Rusiyanın savaşıdır. Amma buna baxmayaraq, Ukrayna da döyüşür. Bütün məhrumiyyətlərə baxmayaraq, Moskvanın təcavüzünə sinə gərir. Müharibənin ilk dövrlərində Rusiyanın üstünlüyü beynəlxalq ictimaiyyətdə şübhə doğrumurdusa, artıq Ukraynanın üstünlüyündən bəhs olunur. Təsəvvür edin ki, Rusiya bu günə qədər 240 mindən artıq hərbçisini itirib. Ruslar da Ukraynaya qarşı döyüşmək istəmirlər. Daxildə narazılıqlar günbəgün artır, oliqarxiya parçalanır. “Vaqner qiyamı” zamanı da biz bunu aydın gördük. Düzdür, Priqojin və dəstəsi sonradan təslim oldu, Kremllə anlaşdı. Lakin bu, bir başlanğıc idi. Növbəti qiyamların isə fəsadları daha ciddi olacaq.

Təbii ki, Rusiya prosesin bu yerə qədər gəlib çıxacağını düşünmürdü. Moskva ehtimal edirdi ki, qısa müddətə Kiyevi təslim edəcək. Ardınca öz adamını Ukraynada hakimiyyətə gətirəcək. Bununla həm NATO-nun sərhədlərinə yaxınlaşmasının qarşısını alacaq, həm də başqa formada sovetlər dövrünə qayıdışın əsasını qoyacaq. Lakin bunların heç biri baş vermədi. Putindən olsa, bu dəqiqə müharibəni saxlayardı. Ancaq o, bunu edə bilməz. Belə bir addım Putin və komandasının sonu olardı. Onlar isə milyonlarla adam qırılsa belə, öz sonunu qəbul etməyəcəklər. Rusiyanın israrının səbəbi də budur. Bütün hallarda Moskva sona qədər dirəniş göstərəcək.

- ABŞ və Qərbin Rusiyaya qarşı embarqoları nəticəsiz qalır. Müharibə başlayanda sanksiyaların qısa müddətə Rusiyanı çökdürəcəyi iddia olunurdu. Lakin görünən odur ki, Rusiya nəinki çökmür, öz iqtisadi sabitliyini qoruya bilir...

- İran, Suriya, Şimali Koreya, Belarus və Venesuelaya qarşı toplam 10 mindən bir az çox sanksiya tətbiq olunubsa, təkcə Rusiyaya qarşı 16 minə yaxın məhdudiyyət qüvvədədir. Onların 80 faizi isə məhz Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı tarixdən sonra tətbiq olunub. Həmin məhdudiyyətlərə Rusiyadan kömür idxalına, bu ölkənin neft sənayesi, aviasiya, dənizçilik və kosmonavtika sahələri üçün mal və texnologiyaların tədarükünə, onun enerji sektoruna yeni investisiya qoyuluşlarına qadağalar daxildir. Eyni zamanda Rusiyaya yarımkeçirici, kompüter, telekommunikasiya, informasiya təhlükəsizliyi avadanlığı, lazer və sensor ixracına qadağa qoyulub. ABŞ və Qərb uzunmüddətli hədəflərə fokuslanır. Onlar qısa zaman ərzində Rusiyanı iqtisadi cəhətdən tamamilə çökdürmək istəmirdilər.

Digər yandan, Rusiya da zəif ölkə deyil ki, qısa müddətə çöksün. Buna zaman lazımdır. Rusiya iqtisadiyyatı geriyə sayım dövrünü çoxdan başlayıb. İnzibati resurslarla iqtisadi sabitliyi qorumağa çalışsalar da, uzun müddət buna nail ola bilməyəcəklər. Beynəlxalq təşkilatların proqnozlarına söykənərək söyləmək olar ki, Rusiya iqtisadiyyatı bir neçə il ərzində ciddi böhranlı dövrə qədəm qoyacaq.

- Göründüyü kimi, beynəlxalq münasibətlər sistemi gərginləşir. Dünya gücləri bəşəriyyətə nəzarət uğrunda səylərini artırır. Baş verənlər regionumuzdan da yan ötmür. Sizcə, baş verənlərin fonunda ölkəmizin yürütdüyü diplomatik siyasət qənaətbəxş sayıla bilərmi?

- 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Bu reallıq ölkəmizin həm regional, həm də beynəlxalq nüfuzunun artmasına gətirib çıxarıb. Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətlərini rəsmiləşdirməsi, Türkiyə ilə bərabər diplomatik siyasəti, bu siyasətin kökündə isə milli maraqlara söykənən müstəqil xarici siyasətin dayanması qarşımızda geniş imkanlar açır. Regionda və dünyada baş verən proseslər Azərbaycanın xeyrinədir və hesab edirəm ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət təqdir olunmalıdır.

Müəllif: Azər Niftiyev