Polis-vətəndaş insidentinə cəmiyyətin baxışı: <font color=red> Kimdir müqəssir?</font>

Cəmiyyət

08.06.2020 - 13:09

Əksəriyyət düşünür ki, karantin rejiminin tələblərinə boyun əymək hər kəsin borcudur

 

İyunun 7-də Yasamalda sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları ilə vətəndaşlar arasında yaşanan insident günün ən aktual müzakirə mövzusudur. Xatırladaq ki, polislər karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən, həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar atıb, təhqiredici ifadələr səsləndirib. Bu gün həmin isə ərazidə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları əməliyyat keçirərək 11 nəfəri saxlayıblar.

 

Hər iki hadisə ilə bağlı yayılan görüntülər vətəndaşlar arasında birmənalı qarşılanmayıb. Kimi vətəndaşı saxlayan polisi qınasa da, kimi də günahı sərt karantin rejiminin qaydalarını pozaraq küçəyə çıxan vətəndaşlarda görüb. Mövzu ilə bağlı AYNA sosial şəbəkə istifadəçilərinə “İndiki vəziyyətdə vətəndaş və polis necə davranmalıdır?” sualını ünvanlayıb.  Beləliklə:

 

Aytən Nurməmmədli (19 yaş): “Məncə, vətəndaşlar polisə qarşı haqsızlıq edirlər. Bu vəziyyətdə hər kəs qaydalara tabe olmağa borcludur. Bu günlər heç kəsə xoş deyil, amma ümumi rifah naminə səbrli olmalıyıq. Polisə etiraz, onu təhqir etmək yersizdir. Qaydanı pozub həyətə düşənlərdən soruşmaq lazımdır ki, axı niyə? Onlar həyətə düşməsə, polis niyə aparsın onları? Buna görə də nə qədər qaydalara tabe olsaq, o qədər yaxşıdır”.

 

Pərvin Mehtiyev (34 yaş): “Belə həssas günlərdə vətəndaş qaydalara riayət etməli, polis isə işə duyğularını qatmamalıdır. Polisi də qınamaq olmur, işini görür”.

 

Tərlan Qəhrəmanova (23 yaş): “Məncə, bu günlərdə hər iki tərəf də daha anlayışlı olmalıdır. Ən azından insan olduğumuzu unutmamalıyıq. Polislər də qəbul olunmuş qaydalara maksimum əməl edilməsi üçün çalışırlar. Heç kəsi durduğu yerə tutub aparmırlar”.

 

Rüfət Mustafazadə (20 yaş): “Bu vəziyyətdə polisə zibil atmaq nədir, axı? Qayda-qanundan danışan vətəndaşlar özləri qaydaları pozur, qanuna tabe olmurlar. İnsanlar özləri də anlamalıdır ki, bu vəziyyət keçicidir, indi bütün dünya bu virusdan əziyyət çəkir. Qoyulan qaydalara maksimum riayət etmək öz xeyirimizədir”.

 

Aydın Nuriyev (19 yaş): “Qanun-qayda hamı üçündür. Hansısa bəhanə yolverilməzdir. Kimsə qaydaları pozub sərt karantin rejimində evdən çıxırsa, digər evdə qalanların haqqına girir. Polis burada öz üzərinə düşəni edib”.

 

Sahib Altay (29 yaş): “Hər iki davranış yanlışdır. Vətəndaşın etirazı varsa, çıxsın küçəyə, etirazını bildirsin. Nə vətəndaşın polisi, nə də polisin vətəndaşı təhqir etmək haqqı, hüququ var”.

 

Aynur Paşayeva (32 yaş): “Vətəndaşlar səbir və dözüm göstərməyi bacarmalıdırlar. Başa düşməlidirlər ki, koronavirusa qarşı əlbir mübarizə aparmaq lazımdır, qeyri-etik hərəkətlər yox”.

 

Xalid Əbdülbağıyev (35 yaş): “Ümumiyyətlə, insanlar hər mövzuda anlayışlı olsalar, heç bir narazılıq olmaz. Təəssüf ki, bu, mümkün deyil. Ona görə də belə hallar olur”.

 

Bənövşə Əsgərova (20 yaş): “Polislər öz vəzifələrini icra edirlər. Vətəndaşlar da məsuliyyətli olmalıdır. Vəziyyət gündən-günə pisləşir. Səbəbkarı isə hələ də virusa inanmayıb qaydalara tabe olmayanlardır”.

 

Vaqif Məmmədov (28 yaş): “Heç bir halda polisə zibil atmaq olmaz, etirazı daha sivil formada etmək lazımdır. Polislər də işlərini görürlər”.

Müəllif: Aləmdə Nəsib