Paytaxtda özünü yandırmağa cəhd edən kimdir: <font color=red> Müharibə əlili, yoxsa saxtakar?</font>

Cəmiyyət

03.06.2021 - 19:20

Adamın barəsində diqqətçəkən məlumatlar ortaya çıxır

 

Sosial şəbəkələrdə 2 may 2021-ci il tarixində, Qarabağ müharibəsi əlili Məmmədəli İsgəndər oğlu Hacıyevin Biləcəri qəsəbəsi Meliorasiya İdarəsinin binası qarşısında özünü yandırması barədə xəbər yayılıb. Həmin məlumatlara görə, Qarabağ müharibəsi əlili tərəfindən törədilən özünü yandırma hərəkətinin səbəbi, Biləcəri qəsəbəsinin də daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) əlilin oğlunun göy-göyərti satmasını qadağan etməsi qərarı idi.

 

AYNA baş verənlərə aydınlıq gətirməyə çalışıb.

 

Binəqədi Rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, Məmmədəli Hacıyev həqiqətən özünü yandırmağa cəhd edib: “Bundan əlavə məlumat verməyə ixtiyarımız yoxdur”.

 

Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov da faktı təsdiqlədi, lakin: “Özünü yandırmaq cəhdi rəsmi dövlət təşkilatının binasının qarşısında deyil, yolun kənarında baş verib”.

 

Qarabağ müharibəsi əlilinin oğlunun göy-göyərti satmasına icazə verilməməsi barədə məlumat İsmayılov tərəfindən belə şərh edildi: “Bu mövzuda kifayət qədər məlumatım yoxdur. Bəlkə də, oğlu qanunsuz ticarətlə məşğul olub. İcra hakimiyyəti və polis qanunsuz ticarətə qarşı birgə mübarizə aparır”.

 

Bunun ardınca başçı müavini bizi RİH-in mətbuat xidmətinin rəhbəri Leyla Quliyeva ilə əlaqələndirəcəyinə söz verdi: “Bəlkə də onun bu mövzuda kifayət qədər məlumatı var”.

 

Bir saat sonra Binəqədi RİH xanım Quliyeva redaksiyamızla əlaqə saxlayaraq bu məlumatı verdi: “Bizdə olan məlumata görə, Məmmədəli Hacıyev bu cür hərəkətləri ilk dəfə deyil ki, edir. Qanunsuz küçə ticarəti ilə məşğul olmağa çalışdı. Fəaliyyətinin qanunsuzluğu barədə xəbərdarlıq alan Məmmədəli Hacıyev öz üzərinə neft tökərək, intihara cəhd etdi. Hacıyev özünü 1-ci Qarabağ müharibəsi əlili kimi təqdim edərək, Bakının bəzi rayonlarında torpaq sahələrini ələ keçirməyə çalışırdı”.

 

Məsələ ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğluna müraciət edərək, M.Hacıyevi tapmaqda yardımçı olmasını xahiş etdik. Amma Kərimoğlu “Məmmədəli Hacıyev ad-soyadlı Qarabağ müharibəsi əlilini tanımıram” cavabını verdi.

 

Sonra İnternetdə Qarabağ müharibəsi əlilləri haqqında məlumat axtarmağa çalışdıq. Məlum oldu ki, hələ 2 oktyabr 2019-cu il tarixində “Yeni Müsavat” qəzetində Məmmədəli İsgəndər oğlu Hacıyevin heç vaxt Qarabağ müharibəsində iştirak etmədiyi barədə bir yazı dərc olunub. Qeyd edilib ki, o, Qarabağ müharibəsi əlili vəsiqəsini qanunsuz olaraq əldə edib.

 

Bundan əlavə, 17 may 2019-cu il tarixində “Yeni Sabah” qəzeti Məmmədəli İsgəndər oğlu Hacıyevin özünü Qarabağ müharibəsi əlili kimi təqdim edən fırıldaqçılar tərəfindən necə döyüldüyünə dair bir məqalə yayımlayıb.

 

Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyinin sədri Tahir Məmmədovla söhbətimizdə bildirdi ki, bəzi fırıldaqçılar özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edirlər: “Burada təəccüblü bir şey yoxdur. Fırıldaqçılar həmişə olub, var və olacaqlar. Təəccüblü olan odur ki, özünü Qarabağ müharibəsi əlili kimi göstərənlər hələ də cinayət məsuliyyətinə cəlb edilməyiblər”.

Müəllif: Rəşad Rüstəmov