“Parlamentdə deputatların əksəriyyəti yatmaqla məşğuldur”

Siyasət

02.12.2019 - 12:41

Tofiq Abbasov: “Belə vəziyyət həm qeyri-məqbuldur, həm də xalq arasında narazılıq doğurur”

 

“Parlamentin buraxılacağı mütləqdir. İrəli sürülmüş təşəbbüsün Parlament tərəfindən təsdiq olunmasına şübhə etmirəm. Çünki Parlamentdə Yeni Azərbaycan Partiyasından çox sayda deputat var və digər deputatlarda bu fikirlə həmrəydirlər”.

 

Bu fikirləri AYNA-ya açıqlamasında politoloq Tofiq Abbasov səsləndirib. Bildirib ki, son sözü isə dövlət başçısı deyəcək: “Çünki bu təşəbbüs YAP-ın Siyasi Şurası tərəfindən irəli sürülüb. Siyasi Şura da özbaşına belə bir qərar qəbul edə bilməz. Düzdür, YAP-ın rəqibləri və siyasi təşkilatlar bu məsləyə fərqli mövqe bildiridi. Həqiqət ondan ibarətdir ki, Parlamentdə təmsil olunan şəxslərin hamsı çevik və işgörən adamlar deyil”.

“Ümumiyyətlə Milli Məclisdə güclü ətalət təsiri altında olanlar var ki, onların da nə səsləri çıxır, nə də özlərinə məxsus dəstixətləri var. Bu baxımdan da dövlətin icraedici qollarından ikisində əsaslı dəyişikliklər baş veribsə, demək qanunverici orqanda da belə bir canlanma olmalı idi. Düşünürəm ki, dövlət başçısı bu məsələdə düzgün qərar verəcək”, - Abbasov vurğulayıb.

 

Politoloq hesab edir ki, qanunverici orqanda təmsil olunan şəxslər çevik və intellektual olmalıdır: “Düzdür, deputalar arasında bu kriteriyalara uyğun olan şəxslər var, lakin əksər deputatlar parlamentdə yatmaqla məşğuldur. Onların bu fəaliyyətsizliyi cəmiyyət arasında qəzəb yaradırdı. Bu baxımdan da, bir halda ki, icraedici orqanlarda kadr islahtları aparılır, deməli deputat korpusunda da belə bir prosesin getməsinə zərurət var idi. Yəqin ki, hakim partiyanın fəalları da bu situatsiyasını belə dəyərləndiriblər”.

 

“Milli Məclisdə elə deputatlar var ki, Parlamentin ilk çağırışından fəaliyyət göstərirlər. Onların da faydalı iş əmsalı nəinki zəifdir, ümumiyyətlə yox dərəcəsindədir. Çünki mandatdan sui-istifadə edərək, seçicilərə yox, özlərinə işləyirlər. Seçicilərin də etimadanı özlərinin koorperativ maraqlarına bağlayırlar. Belə vəziyyət həm qeyri-məqbuldur, həm də xalq arasında narazılıq doğurur. Parlamentin xətti ilə keçirilən müxtəlif formatlar var ki, deputatlar həmin formatlarda təmsil olunurlar. Bir var ki, həmin forumlarda çevik danışıq qabiliyyəti olan, fikrini aydın ifadə edən və heç nədən çəkinməyən adamlar iştirak etsinlər, bir də var ki, həmin işləməyən deputatlar. Təəssüf ki, Azərbaycan Parlamentində intellektual adamların sayı çox azdır”, - deyə müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib