Öz ərazilərimizdə atəşə tutuluruq - Erməni təxribatlarına necə cavab veriləcək?

Aktual

02.08.2022 - 18:23

Ehtiyyatda olan polkovnik: "Bunun antiterror əməliyyatından başqa cavabı yoxdur. Biz illərlə onların nazı ilə oynayası deyilik"

Son 15 gün ərzində Ermənistan tərəfindən sərhəddə və Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki ərazilərdə qalan erməni terrorçuları tərəfindən hərbi təxribatlara əl atılır. Düşmən Azərbaycan Ordusunun mövqelərinə mütəmadi atəş açırlar. 

Sonuncu dəfə iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib. Məlumatda eyni zamanda, bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.

Ermənilərin hərbi təxribatları bölgədə müharibə ehtimalını artıran faktor kimi dəyərləndirilir. Bir çox ekspertlər isə bildirirlər ki, Qarabağdakı separatçı ünsürlərin hələ də ərazilərimizdə qalması, bununla yanaşı, mövqelərimizə atəş açması Azərbaycanın antiterror əməliyyatlarına başlamasından başqa yol qoymur. Hərbi ekspertlərin qənaətincə, Azərbaycan hərbiyə əl atarsa, bu, müharibə yox, antiterror əməliyyatı adlandırılmalıdır. 

Ehtiyyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya bildirib ki, müharibə proqnozlaşdırarkən əvvəlcə "müharibə harada olacaq" sualına cavab vermək lazımdır: 

- İndi tam azad edilməmiş kiçik bir ərazi qalıb, hansı ki, Rusiya sülhməramlıları adlandırılan kontingent həmin ərazilərimizdədir. Qarabağın Azərbaycan süverenliyinə hələlik daxil olmayan ərazisində müharibə yox, antiterror əməliyyatı keçirilə bilər. Hesab edirəm ki, belə davam edəcəyi təqdirdə bu əməliyyat keçiriləcək. Çünki hər gün təxribatların şahidi oluruq. Əvvəlki aylara baxsaq görərik ki, Ermənistan hərbçiləri bizim daha çox Kəlbəcər rayonunu atəşə tuturdu. Sonradan Laçını, Tovuzu da bu siyahıya qatdılar. Son vaxtlar isə sərhədlə yanaşı, Qarabağdakı erməni terrorçuları tərəfindən silahlı təxribatlar törədilir. Təsəvvür edin ki, öz ərazilərimizdə qeyri-qanuni erməni hərbi birləşmələri bizim mövqelərimizi atəşə tutur. Bunun qarşısı əlbəttə, alınmalıdır və alınacaq. 

- Bu təxribatların arxasında nə dayanır?

- Görünən odur ki, Ermənistan qan tökülməsinin marağındadır və bunun üçün əlindən gələni edir. Təxribatlar törətməklə, bəzən Azərbaycanın atəş açdığı dezinformasiyasını yaymaqla diqqətləri münaqişənin guya bitmədiyinə yönəltmək istəyirlər. Təsəvvür edin ki, qan tökülür, hərbi vəziyyət gərginləşir. Bu zaman İrəvan xarici havadarlarına müraciət edəcək ki, "ay qoymayın, bizi qırırlar". Ermənistan çalışır ki, sülh müqaviləsindən yayınsın, faktiki olaraq fəaliyyətini dayandırmış Minsk Qrupunu yenidən proseslərə cəlb etsin, illərlə danışıqlar aparılsın və s. Məqsəd isə Ermənistan ordusunu dirçəltmək, erməni-rus hərbi birləşmələri vasitəsilə yenidən işğalçılığa başlasınlar. 
Məlumdur ki, Azərbaycan ərazi bütövlüyünü tam şəkildə bərpa edəcək. Bunun üçün Azərbaycan Ordusunun antiterror əməliyyatı aparmağa, ərazilərimizi terrorçulardan təmizləməyə gücü və qüdrəti var. Azərbaycan Ordusu Vətən müharibəsində öz sözünü deyib, Ermənistan hərbi qüvvəsini tamamilə məhv edib. İndi tör-töküntü qalıb ki, onu da antiterror əməliyyatı ilə təmizləyəcəyik. Ermənistan məğlub tərəfdir, kapitulyasiyaya gedib, Üçtərəfli Birgə Bəyanat imzalayıb. Həmin sənəddəki bəndlərində nəzərdə tutulanları İrəvan icra etməlidir. Bunun başqa yolu yoxdur. 

- Ermənistan tərəfindən bu günlərdə rəsmi şəkildə bəyan edildi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirdi ki, danışıqlarda maraqlıdırlar, ərazi bütövlüyümüzü tanıyırlar. Belə olan halda antiterror əməliyyatı hazırda nə qədər realdır?

- Mən demirəm ki, sabah antiterror əməliyyatı keçiriləcək. Proseslərin gedişinə baxmaq lazımdır. Ötən 30 ildə də, Vətən müharibəsindən sonra da rəsmi şəkildə İrəvandan müəyyən bəyanatlar verilib. Amma dedikləri ilə əməlləri üst-üstə düşmür. Üçtərəfli Birgə Bəyanatda Ermənistan üzərinə öhdəliklər götürüb. Həmin sənədin imzalanmasından 2 ilə yaxın zaman keçir, amma bir neçə bənd hələ də icra olunmayıb. Qriqoryan 15 gün əvvəl də erməni silahlılarının Qarabağdan çıxarılacağını söyləmişdi. Amma biz bir erməni hərbçisinin çıxarılması ilə bağlı xəbərə rast gəlmirik. Demək ki, Ermənistan rəsmiləri bəyanatlarında səmimi deyillər. Zaman qazanmaq üçün hər yalanı danışırlar. 

Ermənistan cəmiyyəti də, rəsmiləri də anlamalıdır ki, Azərbaycan ərazilərindən silahlı ünsürlərini çıxarmalıdırlar, başqa yol yoxdur. Yox, gündə "Qarabağın statusu" məsələsini qabardacaqlarsa, "hərbçiləri çıxarırıq" deyib, çıxarmayacaqlarsa, bunun antiterror əməliyyatından başqa cavabı yoxdur. Biz illərlə onların nazı ilə oynayası deyilik. Antiterror əməliyyatı nə zaman olacaq, bu qərarı artıq ölkənin Ali Baş Komandanı, siyasi-hərbi rəhbərliyi verəcək. 

Müəllif: Anar Bayramoğlu