Avropa rəsmiləri Britaniya və Fransa qoşunlarının göndərilməsi planını, onların sayı və yerlərini müzakirə ediblər
Təxminən 10 ölkə təhlükəsizlik təminatı çərçivəsində Ukraynaya qoşun göndərməyə hazır olduqlarını bildirib.
AYNA.AZ xəbər verir ki, “Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, bu dövlətlər mümkün sülh sazişi çərçivəsində öz kontingentlərini Ukraynaya göndərməyə hazırdırlar.
Məlumata görə, 2025-ci il avqustun 19-da Avropa rəsmiləri Britaniya və Fransa qoşunlarının Ukraynaya göndərilməsi planını, onların sayı və yerlərini müzakirə ediblər.
Böyük Britaniya hökuməti yaxın günlərdə Avropa hərbi nümayəndələrinin ABŞ-dakı həmkarları ilə görüşəcəklərini bildirib. Məqsəd Ukrayna üçün etibarlı təhlükəsizlik təminatlarını aydınlaşdırmaq və hərbi əməliyyatların dayandırılması halında dəstək qüvvələrinin yerləşdirilməsinə hazırlamaqdır.
“Axios” nəşri öz mənbələrinə istinadən yazıb ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması üzrə işçi komissiyaya ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Nəşrə açıqlama verən ukraynalı rəsmilərdən birinin sözlərinə görə "yaxın günlərdə hamı təhlükəsizlik zəmanətləri üzərində işləyəcək. Ola bilsin ki, həftənin sonuna kimi aydın mexanizm formalaşsın".