Ölüm-qalım savaşı: tərəflər meydan oxuyur və geriyə yol yoxdur

Dünya

12.08.2023 - 10:17

Zərdüşt Əlizadə: “Putinin xilası mümkün deyil - bunu Kremldə də bilir və təşviş keçirirlər”

Cümşüd Nuriyev: “Bu müharibədə kimin qalib gələcəyini söyləmək çox çətindir”

Rusiyanın keçmiş Prezidenti və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ABŞ-ın ölkəsini yer üzündən silməyə hazırlaşdığı barədə açıqlama ilə çıxış edib. Bildirib ki, Vaşinqton bunu digər dövlətlərin köməyi ilə etməyə çalışır: “Vaşinqton 2008-ci ilin avqustunda olduğu kimi, yenə də Rusiyaya qarşı müharibə aparır, onu yer üzündən silməyə çalışır. Rusiya öz şərtləri ilə sülhə nail olacaq, onun düşmənləri 2008-ci ilin avqustunda olduğu kimi darmadağın ediləcək”.

Bu arada ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynadakı münaqişənin diplomatik yolla həllinə hazır olmadığına dair bəyanat  yayıb. Açıqlamada bildirilir ki, münasibətlərin bu səviyyəyə gəlib çatması Moskvanın günahıdır: “Təəssüf ki, Rusiya bu müharibə başlayanda, hətta hələ başlamazdan əvvəl də diplomatik həllə hazır deyildi. Biz Birləşmiş Ştatlar adından açıq şəkildə bildirdik ki, hətta müharibə başlamazdan əvvəl də istənilən qanuni təhlükəsizlik narahatlığını müzakirə etməyə hazırıq. Ukrayna eyni şeyi edə biləcəyini açıq şəkildə bildirdi. Rusiya heç vaxt ciddi və mənalı danışıqlara getmədi”.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ikinci ilinə qədəm qoysa da, heç bir tərəf ciddi uğur qazana bilməyib. Moskva qısa müddət ərzində Ukraynanı təslim edəcəyini proqnozlaşdırsa da, nəinki buna nail olmadı, əksinə, Ukrayna ordusunun qarşısında aciz duruma düşüb. Heç şübhəsiz ki, Qərbin Ukraynaya dəstəyi, Rusiyaya qarşı çovektorlu təzyiqlər, embarqo və tədric siyasəti Moskvanı zəiflədən əsas faktor rolunda çıxış edir. Bu xüsusda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Medvedyevin son açıqlaması təsadüfi sayıla bilməz.

Moskva ABŞ-ın onu yer üzündən silməyə hazırlaşdığını, lakin Rusiyanın düşmənlərini darmadağın edərək öz şərtləri əsasında sülhə nail olacağını iddia edir. Beynəlxalq ictimaiyyəti düşündürən əsas sual da budur: ABŞ və müttəfiqlərinin, yoxsa Moskvanın diqtəsi bu müharibəyə son qoyacaq?

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində deyib ki, ABŞ və müttəfiqləri yox, Kremlin yürütdüyü siyasət onu məhvə aparır: “SSRİ-nin süqutundan sonra ittifaq dövlətləri müstəqil olsa da, Rusiya heç zaman respublikaların müstəqilliyinə imkan vermədi. Əksər ölkələrə öz qoşunlarını yerləşdirdi, müxtəlif təşkilatlar adı altında onları öz çətiri altına topladı. Kim ki, bu məsələdə Moskvanın ziddinə gedirdi, ona qarşı ciddi təzyiqlər başlayırdı. Rusiyanın Ukrayna və Gürcüstanda yürütdüyü işğalçılıq siyasəti və digər məqamlar bu qəbildəndir”.

“Təsəvvür edin ki, Lukaşenko hakimiyyəti qoruya bilməsəydi və qərbyönümlü adamlar iqtidara gəlsəydilər, o zaman Belarusa qarşı da düşmən münasibət hökm sürəcəkdi. XXI əsrdə bu cür məkrli siyasət müvəfəqiyyət qazana bilməz. ABŞ və Qərb uzun müddət Rusiyanın bu siyasətinə qarşı dözüm nümayiş etdirdi. Moskva da bundan ruhlanırdı. Qazaxıstanda ötən ilin yanvarında baş verənlər bunun bariz nümunəsi idi. Nəhayət, Qərbdə də başa düşdülər ki, bu siyasət nəinki region ölkələrini, bütün dünyanı təhlükə altına qoyur. Bundan sonra hərəkətə keçdilər”, - deyə analitik bildirib.

Əlizadə əmindir ki, Medevedyevin bəyanatı Rusiyanın məsuliyyəti boynundan atmaq cəhdidir: “Deyir ki, Rusiya düşmənlərini məhv edəcək və öz diqtəsi əsasında sülhə nail olacaq. Mən isə deyirəm ki, bu, mümkün deyil. Rusiya sona doğru olan bir yolda hərəkət edir. Ölkə kütləvi etirazlara hamilədir. Ruslar ukraynalılara qarşı döyüşmək istəmirlər. Putinin səfərbərliklə bağlı sərəncamları da nəticəsiz qalır. Hesab edirəm ki, Medvedyevin söylədiklərinin əksinə olaraq, Rusiya bu müharibədə qalib yox, məğlub olacaq. Putinin xilası artıq mümkün deyil. Bunu artıq Kremldə də bilirlər və dərin təşviş keçirirlər”.

Politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı AYNA-ya söyləyib ki, Rusiyanın alternativ yolu yoxdur: “Ya bu müharibədə qalib gəlməlidir, ya da məğlub olacaq. Güzəşt siyasəti Putinin və komandasının sonu olardı. Təbii ki, onlar buna getməyəcəklər. Regionda Abxaziya, Osetiya, Donbass, Krım, Dnestryanı kimi problemlər mövcuddur və bunların hər birində Rusiyanın barmağı var. Rusiya çalışır ki, təsir dairəsini gücləndirsin, ən azından bu ölkələrdə NATO mövcud olmasın”.

“Moskvada hesab edirlər ki, Ukrayna məsələsi Rusiya üçün təhlükəsizlik təhdididir. Ukrayna, Gürcüstan və Moldova məsələsində Rusiyanın təkidi anlaşılandır. Çünki dünya dəyişib və beynəlxalq münasibətlər sistemi elə səviyyəyə çatıb ki, qaliblər məğlubları əzir. Ələlxüsus da, Rusiya kimi böyük ölkələr üçün bu, həyati məsələdir”, - deyə müsahibimiz vurğulayıb.

Nuriyev hesab edir ki, Qərb də güzəştə gedə bilməz: “Çünki bu, NATO-nun sonu olardı. Tərəflər ölüm-dirim mübarizəsinə qədəm qoyublar. Hansı ki, buna qədər diplomatik yollarla müzakirələr aparmaq, ortaq qərarlar qəbul etmək mümkün olurdu. Mövcud şəraitdə isə bu, mümkün deyil. Dünya qütbləşir və qütbləşən dünyada böyük dövlətlər də nəzarəti ələ keçirməyə çalışır. Ukraynada davam edən, əslində isə Qərb-Rusiya savaşında kimin qalib gələcəyini proqnozlaşdırmaq çox çətindir”.

Müəllif: Azər Niftiyev