“Novruz gedəndən biz də yox olmuşuq”

Mədəniyyət

12.09.2019 - 19:33

Həkimlər Klinikalar SEO Xidməti

İffət Əsgərov: "Novruz Novruzlu Allaha yaxın insan idi, onun öz dünyası vardı"

 

Cari ilin noyabr ayında "Savalan" qrupunun solisti və bədii rəhbəri olmuş, ilahi musiqilərin mahir ifaçısı Novruz Novruzlunun vəfatının bir ili tamam olacaq. Bu müddət ərzində qrupda hansı dəyişikliklər oldu? Qrup üzvləri N.Novruzlunun ildönümünü necə qeyd etməyi düşünürlər? AYNA əməkdaşı bu mövzu ətrafında "Savalan" qrupunun hazırkı bədii rəhbəri İffət Əsgərovla həmsöhbət olub.

 

- İffət bəy, bir il olacaq ki, Novruz Novruzlu sıralarınızda yoxdur. Bu müddət ərzində onun yoxluğunu kimsə doldura bildimi?

 

- Yox, onun yerini heç kim doldurmur. Daha doğrusu, o gedəndən sonra biz özümüz yoxuq. Tamamilə boşluqdayıq. Ancaq çalışırıq ki, “Savalan” dirçəlsin, özünə gəlsin, dirilsin.

 

- Novruz Novruzlunun ildönümünü hansısa formada qeyd etməyi düşünürsünüzmü?

 

- Əgər maddi gücümüz çatsa, oktyabr-noyabr aylarında Novruzun xatirəsinə bir konsert proqramı həsr etməyi düşünürük.

 

- Harada keçirməyi planlaşdırırsınız?

 

- Çox istərdik ki, Gənc Tamaşaçılar Teatrında olsun, ancaq hələ dəqiq bilmirik. Çünki hər şey gəlib maddiyyata bağlanır.

Картинки по запросу “Savalan” qrupunun rəhbəri iffət

- Konsert baş tutarsa, hansı ifaçıları, müğənniləri dəvət edəcəksiniz?

 

- Bu dəfə heç kimi. Yanvarda xatirə gecəsi keçirdik, Novruza yaxın olan bütün sənət adamlarını dəvət elədik. Bu dəfə isə ancaq özümüz olacağıq.

 

- Yəni bu dəfə ancaq alətlər danışacaq?

 

- Alətlər danışacaq, özümüz bacardığımız qədər ifa edəcəyik. “Savalan”ın bu gün gücü nəyə çatırsa, onları da sərgiləyəcəyik.

 

- Planlaşdırdığınız konserti reallaşdırmaq üçün kiməsə müraciət etmisiniz?

 

- Hələ heç kimə müraciət etməmişik, düşünürük. Novruzu sevənlər az deyil, bu layihədə bizə dəstək göstərsələr, yaxşı olar.

 

- Konsertin təşkili üçün, təxminən nə qədər vəsait lazımdır?

 

- Dəqiq bilmirəm, oturub hesablamamışıq, ancaq hər halda böyük məbləğ olmaz. Məncə, bir neçə min lazım olar, kirayələyəcəyimiz məkanın pulunu ödəmək üçün.

 

- Novruz Novruzlu qəfil getdi, xeyli planları, işləri yarımçıq qaldı. Onun yarımçıq qalan hansı arzularını həyata keçirməyi düşünürsünüz?

 

- Bu barədə danışmaq istəmirəm. İnşallah, çalışacağıq ki, onun bütün istəklərini yerinə yetirək.

 

- Novruz Novruzlunun ailəsindən nə xəbər var?

 

- Ailəsiylə bağlı onu deyə bilərəm ki, oğlu beynəlxalq müsabiqələrdə laureat oldu. Avqust ayında isveçrədə keçirilən beynəlxalq müsabiqədə də qalib gəldi. Hazırda 11-ci sinif şagirdidir. Məktəbi bitirəndən sonra, yəqin ki, skripka üzrə təhsilini davam etdirəcək.

 

- Səsi necə, varmı? “Savalan”ın solisti ola bilərmi?

 

- Hələ ki, səsi hazır deyil. Ancaq bilmək olmaz, bəlkə gələcəkdə oxuyar. Oxumaq başqa bir sənətdir, onunçün illərlə təcrübə lazımdır. Ələlxüsus Novruzun tutduğu xətt üçün əməlli-başlı həyat təcrübəsi lazımdır.

 

- Novruz Novruzluda elə bir fitri istedad var idi ki, o, həm çox gözəl vokal oxuya bilirdi, həm də ilahiləri möhtəşəm ifa edirdi. O səs imkanlarını, bacarığını başqa kimdəsə görürsünüzmü?

 

- Xeyr! Çünki məsələ səsdə deyil. Düzdür, Novruz Lütfiyar İmanov kimi böyük müəllimlərdən dərs almışdı. Ancaq oxumaq sənəti bununla bitmir. Novruz kimi oxumaq üçün böyük həyat təcrübəsi lazımdır. O, ilahi oxumağı dəhşətli dərəcədə çox sevirdi ki, bu da həyat təcrübəsi ilə bağlı idi. Novruz Allaha yaxın insan idi ki, bu, önəmlidir. Onun öz dünyası vardı.

 

- “Savalan”ın bundan sonrakı aqibətini necə görürsünüz?

 

- İnşallah, gözəl olar. Məqam düşmüşkən, bir xatirəni danışım. Bir dəfə tədbir təşkil olunmuşdu, orada danışdılar ki, teatr uçuruma uğrayır, məhvə gedir. Rəhmətlik Vaqif İbrahimoğlu çıxıb dedi ki, “mən hələ ölməmişəm”. İndi nə qədər ki, nəfəsimiz gəlir, “Savalan” üçün əlimizdən gələni edəcəyik.

 

P.S. AYNA ailəsi olaraq Novruz Novruzlunun yadigarı “Savalan” qrupunun yaşamasına, həmçinin mərhum sənətkarın ildönümünə həsr edilmiş konsertin təşkil olunmasına yardımımızı əsirgəməyəcəyik. Novruz Novruzlunu sevənləri və “Savalan” qrupunun dinləyicilərini bu humanist təşəbbüsə dəstək olmağa çağırırıq.

Müəllif: Rumiyyə Miraslan