“Nəzir qutusu”ndakı pullar hara gedir?

Cəmiyyət

18.02.2020 - 19:09

QMİ nə aclar üçün yemək, nə də evsizlər üçün gecələmə yeri təşkil edir

 

İslam da daxil olmaqla, bütün dinlər yer üzündəki canlılara, çətinə düşənlərə, evsizlərə, xəstələrə mərhəmətli olmağı aşılayır. Hətta “Quran” ayəsində hər bir müsəlmanın zəkat (sədəqə vergisi) ödəməsinin vacibliyi ilə bağlı "Namaz qılın və zəkat verin" deyə buyurulur.

 

Düzdür, Azərbaycan dünyəvi dövlətdir və Konstitusiyaya uyğun olaraq, əhalinin rifahından birbaşa dövlət qurumları cavabdehdir. Ancaq bu, dini qurumların yardımlar etməsinə, xeyriyyəçiliklə məşğul olmasına mane olmur.

 

Beləliklə, Avropada kilsələr dövlətlə birlikdə kasıblara kömək edir. Bu yardım, əsasən yoxsullar üçün sığınacaqların tikilməsi və onlara ərzaq yardımının göstərilməsində özünü biruzə verir.

 

Azərbaycanda da xristian kilsələri xeyriyyə işləri ilə məşğuldur. Bakıdakı katolik kilsəsinin yepiskopu Vladimir Feketin AYNA-ya dediyinə görə, əvvəllər kilsədə yeməyə ehtiyac olanlar üçün nahar təşkil edilirdi: “Bundan əlavə, onların arasında təkcə bizim dinə qulluq edənlər deyil, həm də digər qaçqın və məcburi köçkünlər də olurdu. Bu gün isə biz artıq nahar yeməyi təşkil etmirik, ancaq ərzağa ehtiyacı olanlara, kömək istəyənlərə yardım edirik. Bizdən sığınacaq istəyənləri isə, bizim gecələmək üçün xüsusi hazırlanmış yerimizə göndəririk. Hazırda orada 25 evsiz insan var”.

 

Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İdarəsinin nümayəndəsi Konstantin Pominovun sözlərinə görə isə, əvvəllər kilsələr ehtiyac sahibləri üçün yemək təşkil edirdi: “Ancaq bu gün bütün kilsələrimizdə aparılan təmir işləri ilə əlaqədar yeməkləri məhdudlaşdırmaq məcburiyyətində qalırıq. Yeməklər yalnız Mixaylov adına Kilsədə təşkil edilir”.

 

Qeyd etmək lazımdır ki, həm pravoslav, həm də katolik kilsələrinin əsas gəlir mənbəyi dindarlardan gələn ianələrdir.

Rəşad Rüstəmov