Nazirlik ən çox verilən sualları və cavabları da təqdim edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə təqaüd təyinatını yekunlaşdırıb. Nazirlikdən AYNA-ya verilən xəbərə görə, bu barədə həm SMS bildiriş sistemi, həm də nazirliyin saytına daxil olmaqla rahat şəkildə məlumat almaq imkanları yaradılıb.
Bununla belə 142-Çağrı Mərkəzinə və nazirliyin sosial şəbəkə səhifələrinə çoxsaylı sorğular gəlir. Ən çox verilən sualları və cavablarını təqdim edirik:
- Müharibə veteranı kimi Prezident təqaüdünün təyin olunduğunu və bank kartını haradan götürəcəyimi necə öyrənə bilərəm?
- Müharibə veteranına təqaüd təyin edildiyi anda şəxsin telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndərilir. SMS elektron sistemdə həmin şəxsin adına olan nömrəyə göndərilir. Eyni zamanda, bu barədə Nazirliyin internet səhifəsindəki (sosial.gov.az) “Müharibə veteranı üçün təqaüd” bölməsinə daxil olmaqla da öyrənə bilər. Şəxs həmin bölməyə daxil olur və şəxsiyyət vəsiqəsinin nömrəsini, doğum tarixini qeyd edir. Əgər ona təqaüd təyin edilibsə, avtomatik olaraq ekrana adı, soyadı çıxır və təqaüd kartını hansı bankdan alacağı qeyd edilir.
- “Müharibə veteranı” adı verilməsini və təqaüd təyin olunmasını hansı qurumlar həyata keçirir?
- “Müharibə veteranı” statusu 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş şəxslərə onların qulluq keçdiyi, işlədikləri qurum tərəfindən verilir. Həmin qurumlar Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında “Müharibə veteranı” adı verdikləri şəxslərə dair məlumatları “Zəfər” altsisteminə daxil edir (bəzi qurumlar bu məlumatları kağız daşıyıcılarda təqdim edir). Yekun mərhələdə isə Nazirlik həmin şəxslərə aylıq təqaüdü təyin edir.
- Müharibə veteranı kimi təqaüd almaq üçün hansısa sənəd tələb olunur?
- Xeyr. Şəxsə qulluq keçdiyi, işlədiyi dövlət orqanı əgər “Müharibə veteranı” adı veribsə, həmin şəxsin hansısa quruma müraciət etməsinə, sənəd təqdim eləməsinə ehtiyac yoxdur. Ona avtomatik, proaktiv qaydada təqaüd təyin olunur.
- Təqaüd fevralda təyin olunarsa, yanvarın da təqaüdü verilir?
- Bəli. Təqaüd nə vaxt təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilir və həmin vaxtdan götürülməklə verilir.
- “Müharibə veteranı” adına görə təqaüd hansı müddətə təyin olunur və şəxs əməkhaqqı, yaxud pensiya alırsa, bu təqaüdü də ala bilirmi?
- “Müharibə veteranı” statusuna görə təqaüd müddətsiz, ömürlük təyin olunur və müharibə veteranının əməkhaqqı, pensiya və ya müavinət almasından asılı olmayaraq, bu təqaüdü də alır.
- Şəxs müharibə əlili kimi təqaüd alırsa, ona “Müharibə veteranı” statusuna görə təqaüd də verilir? Yəni hər iki təqaüdü alırmı?
- Xeyr. Çünki müharibə əlillərinə Prezidentin aylıq təqaüdü (I dərəcə üçün 400 manat+ qulluq edən şəxs üçün 80 manat, II dərəcə üçün 350, III dərəcə üçün 300 manat) ödənilir. Qanunvericiliyə əsasən, bir şəxsin həm müharibə əlili, həm müharibə veteranı kimi təqaüd almaq hüququ yarandıqda, hüququ olan iki təqaüd növündən yalnız biri və yüksək məbləğdə olanı verilir.