Ceyhun Bayramov: “Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək”
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin məhdud tərkibdə görüşü keçirilib. AYNA xəbər verir ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi ilə keçirilən görüşə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, İranın XİN başçısı Hüseyn Əmir Abdullahian, Qazaxıstanın XİN rəhbəri Murat Nurtleu və Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak ediblər.
Görüşdə Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Çıxış edən C.Bayramov bildirib ki, hazırkı görüş regionda yüksək qeyri-müəyyənlik şəraitində keçirilir və bu, tərəflərdən Xəzərin hüquqi statusu haqqında Konvensiyada qeyd olunan ölkələrin ərazi bütövlüyü, suverenliyi, güc tətbiq edilməməsi kimi bəndlərə riayət olunmasının vacibliyini önə çəkir. Beləliklə, Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq məkanına çevriləcək.
C.Bayramov uzun illər müzakirə olunmuş və 2018-ci ildə imzalanmış Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tezliklə qüvvəyə minməsinin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan 16 beynəlxalq hüquqi sənədin 15-nin iştirakçısıdır.
Nazir Xəzər regionunun investisiya cəlbediciliyinin artırılması, Xəzəryanı ölkələrin iqtisadi rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində fəaliyyəti genişləndirməyə çağırıb.
C.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Xəzərdə ən iri ticarət donanmasına malikdir. Eyni zamanda, yükdaşımaların artırılması üçün ölkəmiz Ələt dəniz limanın modernləşdirilməsi istiqamətində iş aparır.
Görüşdə, həmçinin S.Lavrov, H.Ə.Abdullahian, M.Nurtleu və R.Meredov çıxış ediblər.