İqor Qorqan Rusiyaya casusluqda ittiham edilir
Moldova Milli Ordusu Baş Qərargahının keçmiş rəisi İqor Qorqan Rusiyaya casusluqda ittiham edilir. Onun istintaq orqanlarına gəlməsi barədə göstəriş verilib.
AYNA “Tv8.md”ə istinadən xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun Mütəşəkkil Cinayətkarlığa və Xüsusi İşlərə Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Emil Qaytur deyib.
“Əvvəllər prokurorlar tərəfindən başlanmış işdə iştirak edən şəxsə təqsirləndirilən şəxs statusu verilib. İstintaq davam edir”, - deyə o bildirib.
Eyni zamanda, Qaytur xatırladıb ki, təqsirləndirilən şəxs məhkəmənin yekun qərarına qədər təqsirsizlik prezumpsiyasından istifadə edir.
İyunun 13-də prokurorluq keçmiş Baş Qərargah rəisinə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb. Səbəb Qorqanın Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi (GRU) ilə iddia edilən əlaqələri ilə bağlı jurnalist araşdırmasının məlumatı olub.
“The Insider” yazır ki, o, mütəmadi olaraq Rusiya kəşfiyyatçılarına Moldovadakı siyasi vəziyyət barədə məlumat verib, həmçinin Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin səfərləri barədə danışıb.
Keçmiş Baş Qərargah rəisinin özü Rusiya agentləri ilə hər hansı əlaqə ilə bağlı ittihamları rədd edir.