Milyonlarla insanın doğum günü necə 1 yanvar ola bilər?

Maraqlı

01.01.2022 - 12:36

Ucqar, gözdən iraq bölgədə yaşayırsansa, kürd, türk, laz fərq eləmir - uşaq doğdunsa, doğum tarixi 1 yanvar olurdu

Türkiyəyə ilk gəldiyim illərdə çox sayda insanın doğum gününün 1 yanvar tarixində olmasına çox təəccüblənmişdim. Kimnən ad gününü soruşsam deyirdi - 1 yanvar. Bu nə hesab, kitabdır, doğuşu necə hesablayıb o tarixə salırlar deyə həm gülmüş, həm də düşünmüşdüm...

İmkanların, xüsusilə də, nəqliyyatın az olduğu ucqar bölgələrdə, əsasən də ölkənin cənub-şərqində uşaq doğulanda onun qeydiyyatı aparılmırdı. Ancaq bir vaxt ayılanda ki, bəs uşağın sənədi, doğum şəhadətnaməsi yoxdur, əl-ayağa düşür, təlaşla gəlirlərmiş ilçə (rayon) mərkəzlərinə. Orda isə şəhadətnamə çıxararkən uşağın anasından soruşurlarmış ki, “ay bacı, bəs bu uşağı nə vaxt doğubsan?”. O da yaşmağın altından belə deyirmiş: "Qurban, ne bileyim, birmidür, ikmidür, hatırlamiyirim". Məmur da xatırlasın və unutmasın deyə başdan gəlmə hamısına "1 Ocak", yəni 1 yanvar yazıb, buraxırmış...

Bir Urfalı tanışım vardı, məktəbli ikən siniflərindəki uşaqlardan 15-nin doğum gününün 1 yanvar olduğunu demişdi. Ölkənin qərb bölgələrində isə əhalinin qeydə alınması daha düzgün və daha səliqəli aparılırdı. Ankarada bir kulinariya mağazasının sahibi deyirdi ki, 365 gündə ən çox doğum günü tortu məhz 1 yanvar günü sifariş edilir.

Bəzi mətbuat orqanlarında zaman-zaman "1 yanvar" hadisəsinin əsasən kürd əsilli ailələrdə yaşandığını desələr də, bu belə deyil. Çünki ucqar, gözdən iraq bölgədə yaşayırsansa, kürd, türk, laz fərq eləmir - uşaq doğdunsa, doğum tarixi 1 yanvar olurdu.

Təbii ki, 21-ci əsrdə artıq bu hallar qeydə alınmır. Zatən ad gününü 1 yanvarda qeyd edənlər də artıq yaşları 35-40-dan yuxarı olanlardır...

Müəllif: İbrahim Nəbioğlu

Ramanada faciə

Dünən, 17:26 Hadisə