Mərkəzi Bank uçot dərəcəsini endirib

Xəbərlər

18.09.2020 - 14:32

Faiz dəhlizinin yuxarı həddi 7 faiz səviyyəsində müəyyən edilib

 

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,75 faizdən 6,5 faizə endirilməsi haqqında qərar qəbul edib. AMB-dən AYNA-ya verilən məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində müəyyən edilib.

 

Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da iqtisadiyyatın bərpa prosesinin sürətləndirilməsinə yönəldilib.

 

Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.

Müəllif: Ayna.az