Məmurların əcnəbi inək sevgisi yerli heyvanların “bəxtini bağlayır”

İqtisadiyyat

06.05.2020 - 23:19

Vahid Məhərrəmov: “Büdcə pullarının mənimsənilməsində maraqlı olanlar xaricdən heyvan idxalı üçün canfəşanlıq edirlər”

 

Ölkəmizdə kənd təsərrüfatına böyük ümidlər yaranmağa başlayıb. Ancaq Azərbaycanın kənd təsərrüfatı məhsullarının heç daxili tələbatı ödəyə bilmədiyini nəzərə alsaq, bu ümidlərin hələ doğrulmayacağı aşkardır. Bu sektoru inkişaf etdirmək üçün fermerlərə damazlıq mal-qaranın alınması üçün dövlət tərəfindən subsidiyalar (ümumi vəsaitin 60 faizi məbləğində) verilir. Fermerə vəsaitin 25 faizi avans şəklində ödənilir, qalan hissəsini isə banklar kredit şəklində tərtib edir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yerli fermerlər üçün məhsuldar cinsdən olan heyvanların xarici ölkələrdən gətirilməsinə maraq göstərir.

 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun AYNA-ya dediyinə görə, son 5-6 il ərzində Azərbaycana başqa ölkələrdən damazlıq mal-qara gətirilib, lakin heyvandarlıqda müsbət dəyişikliklər müşahidə olunmayıb: “Mal-qara dövlət tərəfindən fermerlərə pulsuz olaraq paylansa da, heç bir şey dəyişməyəcək. Yetərli və yüksək keyfiyyətli yem bazası yoxdursa, heyvanlara qulluq üçün müvafiq standartlar mövcud deyilsə, ən yaxşı cinslərlə belə, heyvandarlıqda hər hansı bir irəliləyiş mümkün deyil. Respublikada baytarlıq xidməti çox zəifdir, inkişaf etmiş ölkələrdə olan seleksiya bizdə yoxdur, mütəxəssis çatışmazlığı var. Nailiyyət əldə etmək üçün kompleks tədbirlər görmək lazımdır”.

 

Məhərrəmov avtomobil sənayesindən nümunə gətirib: “Azərbaycanda avtomobillər yığılır, lakin bütün hissələri xaricdən gətirilir və nəticədə istehsal baha başa gəlir. Eyni şey heyvandarlığa da aiddir – heyvanlar, eləcə də dərmanlar başqa ölkələrdən gətirilir, hətta yem, saman kimi hər bir ehtiyacı xaricdən alınır. Belə şəraitdə rəqabətqabiliyyətli məhsullar barədə necə danışmaq olar?”.

Elya Belskaya