Onun kəsilmiş başı pikapın damında tapılıb
Meksikanın Çilpansinqo şəhərinin meri Aleksandro Arkos vəzifəsinin icrasına başladıqdan 6 gün sonra öldürülüb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təsdiqlənməmiş məlumata görə, onun kəsilmiş başı pikapın damında tapılıb. Meksika Baş Prokurorluğu qətli araşdırır.
Aleksandro Arkos sentyabrın 30-da mer seçilib. Çilpansinqo Meksikanın cənubundakı Qerrero əyalətinin paytaxtıdır və bu əyalət şiddətli cinayətlərin yüksək səviyyəsi ilə məşhurdur. Arkosun öldürülməsindən üç gün əvvəl şəhər hökumətinin yeni katibi Fransisko Tapiya güllələnib. Seçkilər öncəsi ştatda ümumilikdə 6 namizəd öldürülüb.
Meksikada siyasətçilərin qətli adətən kartel fəaliyyəti ilə əlaqələndirilir. 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər Meksikada 63 siyasi xadim öldürüldü və bu, ölkənin müasir tarixində ən qanlı seçki dövrünə çevrildi. Bu qətllərdən 37-si seçkili vəzifəyə namizədlərlə bağlı olub.
“Reuters” xəbər verir ki, ölümündən əvvəlki son günlərdə Arkos Con qasırğasından xilasetmə işlərinə rəhbərlik edib. Qasırğa Akapulko kurortunda və yaxınlıqdakı şəhərlərdə daşqınlara səbəb olub.