“Mədəniyyət Nazirliyi minimal qonorarımı da ödəmədi”

Mədəniyyət

02.10.2020 - 23:00

Firudin Allahverdi: “Yəqin, istəyirlər ki, ara mahnıları yazıb birtəhər başımızı dolandıraq”

 

SSRİ zamanında opera, balet və operettalarımız dünyanı gəzdiyi halda, son dönəmlərdə belə sənət nümunələri ərsəyə gəlmir. “O olmasın bu olsun", “Arşın mal alan", “Məhəbbət əfsanəsi” kimi sənət nümunələrinin yaradılığı Azərbaycanda indiki dövrdə bu janrlara aid nümunə o qədər az və uğursuzdur ki, yoxluğa bərabərdir.

 

Bəs, müasir Azərbaycan bəstəkarları niyə bu janrlara müraciət etmirlər? Problem təhsildə yoxsa qazancdadır? AYNA-nın suallarını tanınmış bəstəkar Firudin Allahverdi cavablandırıb.

 

“Mən bu suallara nəzəri deyil, praktiki - “başına iş gələn” adam kimi cavab verə bilərəm. 2016-cı ildə Akademik Musiqili Teatrın səhnəsində mənim "Baladadaşın toy hamamı" adlı musiqili teatr əsərim səhnələşdirildi. Artıq 4 ildir səhnədən düşməyən bu tamaşanın üzərində mən, təxminən 3 il işləmişdim. Premyera baş tutan il məni Mədəniyyət Nazirliyinə dəvət etdilər və dedilər ki, bu əsərə görə sənə 5000 AZN qonorar ödəyirik. Mən dedim ki, axı Nazirlər Kabinetinin qərarına görə, bu formalı əsərin minimal qiyməti 10 000 manatdır. Mənə dedilər ki, orda yazılan maksimal qiymətdir, sən isə cavan oğlansan, o məbləği sənə verə bilmərik, onu biz yaşlılara, korifey bəstəkarlara veririk. Yəni faktiki olaraq, göz görə-görə mənə Nazirlər Kabinetinin 16 fevral 2006-cı il, 52 saylı qərarını tərsinə izah etdilər, təhrif olunmuş məlumat verdilər”, - müsahibimiz deyib.

No description available.

“Qeyd edim ki, bu formada əsər üçün 10 000 AZN belə, az qiymətdir. Burada mən “minusovka”dan istifadə etməmişəm, rahatlığa qaçmamışam, ən klassik formada, 40-50 nəfər orkestr, 20-30 nəfərlik xor, solistlər və s. iştirakçıların sinxron fəaliyyətini nəzərdə tutan, yüzlərlə səhifəlik klavir və partitur yazmışam. Yəni “xaltura”ya getməmişəm. Amma əvəzində mənə qonorarın minimal məbləğini belə, layiq görmürlər. İndi bunu görən, eşidən hansı bəstəkar iri həcmli əsər yazmaq istəyər?”, - o, sual edib.

 

Firudin Allahverdi bu barədə ölkə başçısına şikayət məktubu yazdığını da bildirib: “Keyfim pozulsa da, mübarizə etməyi, haqqımı tələb etməyi qərara aldım. Ölkə rəhbərliyinə müraciət etdim, hələlik cavab yoxdur. Ötən il yenidən Mədəniyyət Nazirliyinə məktub yazıb, göstərilən həmin minimum həddə qonorarımın ödənilməsini xahiş etdim. Mənə zəng edib bildirdilər ki, onlar öz təkliflərində qalırlar və mənə 10 000 AZN ödəmək fikirləri yoxdur. Özü də bu dəfə, əvvəlki söhbətin üzərindən 3 il keçəndən sonra başqa səbəb göstərdilər. Guya, mənim musiqili səhnə əsərim janrın tələblərinə tam da uyğun deyilmiş".

 

"Təsəvvür edin! Mən Üzeyir Hacıbəylidən Sərdar Fərəcova qədər bütün operetta yazan bəstəkarların operettalarını əlimdən gələn qədər təhlil edib, onların ənənəsində yazmağa çalışmışam. Yəni, əgər Mədəniyyət Nazirliyinin bu arqumentini əsas götürsək, bütün bu ənənəmiz şübhə altına düşür”, - müsahibimiz vurğulayıb.

 

Bəstəkar iri həcmli əsərlər yazılmamasının səbəbini əsərlərin qiymətləndirilməməsi, mükafatlandırılmamasında görür: “Məsələ tək məndə deyil, digər kolleqalarımla söhbətdə də öyrənmişəm ki, bəstəkarlara, ələlxüsus da iri həcmli musiqi yazan bəstəkarlara qonorarların ixtisarla verilməsi Mədəniyyət Nazirliyinin trendinə çevrilib və bu, onillərdir ki, davam edir”.

No description available.

“Bunun iri həcmli musiqi əsər yazanları həvəsdən salmaqdan başqa bir səbəbi ola bilərmi? Ölkə musiqi ənənəsini iri həcmli əsərlərlə zənginləşdirmək istəyən bəstəkarlara belə münasibəti başqa nə cür qəbul etmək olar? Bir daha deyirəm və iddia edirəm ki, ölkə bəstəkarlarının iri həcmli əsərlərə meyl salmamasının əsas səbəbi məmurların Azərbaycan musiqisi sənətinə və konkret bəstəkarlara olan bu cür münasibətidir. Həvəsləndirmirlər, mükafatlandırmırlar. Şəxsən mənim başıma gəldi, bundan sonra iri həcmli musiqi əsəri yazmağı ağlımın ucundan belə, keçirmirəm. Qanunla müəyyən olunan (sonuncu dəfə o qiymət cədvəli 14 il əvvəl yenilənib) minimal qonorarı belə, vermək istəmirlər. Yəqin, istəyirlər ki, ara mahnıları yazıb birtəhər başımızı dolandıraq”.

Müəllif: Bünyamin