Xüsusi qurğudan istifadə olunub
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən AYNA-ya verilən məlumata görə, iyunun 30-da Masallı rayonunun Qəriblər kəndi ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyənləşdirilməsi məqsədilə zəruri tədbirlər həyata keçiriblər. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkarlanması barədə məlumat daxil olub. İdarənin əməkdaşları hadisə yerində qurğuya baxış keçirərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyənləşdirilib. Bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradıb.
Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.