Lukaşenko sabah Azərbaycana gəcələk

Xəbərlər

12.04.2021 - 14:11

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir

 

Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, iki gün davam edən səfər müddətində Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq. Görüşlərin birincisi Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq, dövlət başçıları qeyri-rəsmi şəraitdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

 

Rəsmi hissə isə növbəti gün baş tutacaq. Prezidentlərin görüşü nümayəndə heyəti üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla tamamlanmasına yönəldiləcək.  Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Müəllif: Ayna.az