Lavrov Qarabağdan danışdı: “Bu, gələcək işi yüngülləşdirir”

Xəbərlər

01.12.2022 - 15:06

“Alma-Ata Bəyannaməsi imzalananda Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkib hissəsi olub”

Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil”, - Lavrov deyib.

Rusiya XİN başçısı Azərbaycan tərəfinin Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu vurğulayıb.

Müəllif: Ayna.az