Kremldən Paşinyana cavab və xəbərdarlıq: “Rusiya Ermənistanı tərk edə bilməz”

Dünya

05.09.2023 - 17:15

Dmitri Peskov: “Baş nazirin bu tezisləri ilə razılaşa bilmərik”

“Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin Baş nazir Nikol Paşinyanın Qarabağdakı rus sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil”. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz Baş nazir Paşinyana dərin hörmət bəsləyirik, onunla Prezident Putin arasında işgüzar və çox konstruktiv münasibətləri yüksək qiymətləndiririk. Ümid edirik ki, bu münasibətlər bundan sonra da iki ölkə arasında sıx əməkdaşlığın təminatı olacaq. Amma biz cənab Baş nazirin bu tezisləri ilə razılaşa bilmərik. Rusiya bu regionun tam tərkib hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz”, - Peskov bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Rusiyada Ermənistanın özündən çox erməni yaşadığını unutmamağa çağırıb və bildirib ki, onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır, ölkənin inkişafına layiqli töhfə verirlər.

Peskov həmçinin vurğulayıb ki, Rusiya Qarabağda təhlükəsizlik təminatçısı rolunu oynamaqda davam edir və öz missiyasını azaltmaq niyyətində deyil: “Rusiya bu regionda vəziyyətin sabitləşdirilməsində və münaqişənin aradan qaldırılmasında ardıcıl, çox mühüm rol oynamaqda davam edir. Rusiya heç yerə getmir və getməyə də hazırlaşmır”.

Peskov qeyd edib ki, region dövlətlərinin – Ermənistan və Azərbaycanın iki il əvvəl bağlanmış Üçtərəfli Birgə Bəyanata sadiqliyi çox vacibdir.

“Məhz bu sənədlərin müddəalarına əməl etmək uğurun açarıdır. Təbii ki, bundan sonra vəziyyəti bir az dəyişən yeni hadisələr baş verdi. Amma bu o demək deyil ki, Rusiya hansısa yolla öz fəaliyyətini məhdudlaşdırmağa hazırlaşır. Rusiya təhlükəsizlik qarantı rolunu oynamaqda davam edir”, - Kreml sözçüsü əlavə edib.

Dmitri Peskovun sözlərinə görə, Rusiyanın Ermənistanın iştirakı ilə inteqrasiya proseslərinə verdiyi töhfəni unutmaq olmaz: “Bu proseslər keçən il Ermənistanın MDB məkanında inkişaf templərinə görə öndə olmasına böyük töhfə verdi”.

Xatırladaq ki, sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibə verərək, Rusiyanın regiondakı rolunu tənqid edən bir sıra bəyanatlar səsləndirib.

Müəllif: Turan Abdulla