Kreml “arqument” axtarışında: indi də sülhməramlılara “mina təmizlətmək” istəyirlər

Siyasət

21.12.2023 - 10:18

Mərkəz rəhbəri: “Zamanı gələndə Azərbaycan sülhməramlıların bölgədən çıxması tələbini ortaya qoymalıdır və qoyacaq”

Rusiya Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı hərbi kontingentini bölgədən çıxarmaqda maraqlı görünmür. Bu, Rusiya rəsmi dairələrinin bəyanatlarında da sezilir. Bu günlərdə Rusiya Müdafiə Nazirliyinin kollegial iclasında bu ölkənin müdafiə naziri Sergey Şoyqu Rusiya hərbçilərinin Qarabağda sülhün əsas təminatçısı olduğunu deyib. Nazir söyləyib ki, Rusiya ordusu Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısıdır: “Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir”. Nazir Rusiya hərbi kontingentinə yeni reallıqda Suriya və Qarabağda sülhün və sabitliyin qorunmasını təmin etməyi tapşırıb.

Şoyqu bununla “rus hərbçilərinə Qarabağda hələ ehtiyac var” mesajı verir. Dolayısı ilə, yaxın zamanlarda hərbi kontingenti bölgədən çıxarmaq istəmədiklərinə eyham vurur.

Bir həftə əvvəl isə Rusiya Müdafiə Nazirliyi belə bir məlumat yayıb ki,  Azərbaycanın Qarabağ regionunda Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə humanitar minatəmizləmə məsələlərini müzakirə ediblər.

"Rusiya sülhməramlılarının komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, sülhməramlı kontingent Bakı ilə mülki əhaliyə münasibətdə təhlükəsizliyin təminatı və humanitar qanunlara riayət olunmasına yönələn davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

Ekspertlər hesab edirlər ki, Rusiyanın hərbçilərini minatəmizləmə işlərinə cəlb etmək niyyəti də hərbi kontingentin Qarabağdan çıxarılmamasına hesablanmış addımdır.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya Qarabağda hərbi varlığını saxlamaq niyyətindədir:

- Kremldəkilər anlamaq istəmirlər ki, Qarabağda sülh bərpa edilib və Azərbaycanın kənar “qaranta” ehtiyacı yoxdur. Rusiya hərbi-siyasi rəhbərliyinə elə gəlir ki, ehtiyac olmasa belə, sülhməramlılarını Qarabağdan çıxarmamalıdırlar. Amma Kremlin bunu əsaslandırmaq üçün arqumenti zəifdir. Çünki Qarabağ məsələsi həll edilib, bölgənin erməni sakinləri Azərbaycanın “qalın, yaşayın” çağırışlarına baxmayaraq, könüllü şəkildə çıxıb gediblər. Maraqlıdır, Rusiya sülhməramlıları kimi qoruyurlar? Qarabağda ermənilər qalmış olsaydılar, o zaman Kremldəkilər nəsə deyə bilərdilər, arqumentlərini bununla əsaslandıra bilərdilər. Amma bölgədə erməni qalmayıb. Azərbaycan ərazi bütövlüyünü təmin edib, Qarabağın hər qarışında təhlükəsizliyini özü təmin edir. Bundan sonra sülhməramlılara ehtiyac yoxdur.

Hesab edirəm ki, zamanı gələndə Azərbaycan sülhməramlıların bölgədən çıxması tələbini ortaya qoymalıdır və qoyacaq. Bunun üçün Bakı ilə Moskva arasında danışıqlar aparılacaq. 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda sülhməramlıların qalma müddəti göstərilib. Həmin müddət də 2025-ci ilədəkdir. Müddətin bitməsinə altı ay qalmış tərəflərdən biri sülhməramlıların qalmasına etiraz etməsə, daha doğrusu, qalmaları ilə bağlı müraciət etməsə, o zaman müddət uzadılmır, hərbçilər ərazini tərk edirlər. Düşünürəm ki, Azərbaycan sülhməramlıların qalması ilə bağlı Rusiyaya müraciət etməyəcək.

- Bəlkə Rusiya düşünür ki, həmin müddətə qədər ermənilər Qarabağa qayıda bilərlər və Kremldəkilər üçün də “arqument” yaranar...

- Ola bilər ki, Rusiya rəhbərliyi bu versiyanı da gözardı etməsin. Amma Qarabağı tərk edən ermənilərin yenidən bölgəyə qayıdacaqları inandırıcı deyil. Ümumiyyətlə, ermənilərin Qarabağı tərk etməkdən başqa alternativ seçimləri yox idi. Birincisi, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədilər. İndi də vətəndaşlığı qəbul etmək istəyində deyillər, gələn il də, bundan sonra da istəməyəcəklər. Vətəndaşlığı qəbul etməsələr isə Qarabağda yaşaya bilməzlər. İkincisi, Qarabağdakı ermənilərin əksəriyyəti Birinci Qarabağ müharibəsindən sonra köçürülən ermənilər idi. Qarabağ erməniləri hətta 44 günlük müharibəyədək də bölgəni tərk etmişdilər, şəraitsizlikdən, kasıblıqdan can qurtarmaq üçün ayrı-ayrı ölkələrə üz tutmuşdular. Qarabağa sonradan köçürülənlər əksəriyyət təşkil edirdilər. Onlar da İkinci Qarabağ müharibəsindən sonra ərazidən getməyə başladılar. Bir qismi qalmışdı ki, Azərbaycanın keçirdiyi son antiterror əməliyyatından sonra çıxıb getdilər. Birinci Qarabağ müharibəsindən əvvəl yaşayan azsaylı erməni isə həmin gəlmə ermənilərə qoşularaq könüllü şəkildə çıxıb getdilər. Ona görə də Qarabağa ermənilərin qayıdacağı gözlənilmir. Məncə, Rusiya bu versiyasını bir kənara atmalıdır.  

- Maraqlı məqamlardan biri də odur ki, bir neçə gün əvvəl Moskvadan Rusiya ilə Azərbaycan arasında sülhməramlıların Qarabağda minatəmizləmə işlərinə cəlb edilməsi barədə danışıqlar getdiyi açıqlandı. Sizcə, bu, Rusiyanın sülhməramlıları uzun müddət Qarabağda saxlamaq niyyətindən xəbər vermir ki?

- Əlbəttə ki, buna hesablanıb. Rusiya hiyləyə əl atmaqla məşğuldur. Moskva anlayır ki, Azərbaycanın əsas məqsədlərindən biri də Qarabağdakı rus hərbi kontingentinin bölgədən çıxarılması prosesini sürətləndirməkdir. İndiki halda Azərbaycan bunu bacarmasa da, 2025-ci ildə bacaracaq. Buna bizim hüququmuz çatır. Dediyim kimi, Üçtərəfli Birgə Bəyanata əsasən sülhməramlılar Qarabağdan çıxmalıdır. Azərbaycan tərəf olaraq sülhməramlıların qalma müddətinin uzadılmasına razı olmayacaq. Bu halda, ruslar avtomatik olaraq, bölgədən çıxmalıdırlar. Görünür, Kreml rusiyalı sühməramlıların Qarabağda qalma müddətini uzatmaq üçün bu təşəbbüslə çıxış edib. Çünki, rusiyalı hərbçilərin Qarabağda başqa məşğuliyyəti qalmayıb. Qarabağda minaları təmizləmək üçün uzun illər lazımdır. Deməli, Rusiya hərbçiləri “minaların təmizlənməsi” mövzusu adı altında Azərbaycanda daha uzun müddət qalmaq istəyirlər. Azərbaycanda minaların təmizlənməsiylə ANAMA məşğuldur. Bu təşkilat minaların təmizlənməsinə yerli vətəndaşları cəlb edib və onlara aylarla xüsusi kurs keçilir. Bu səbəbdən minaların təmizlənməsində təcrübəsi olmayan Qarabağdakı rus hərbçilərin bu çalışmalarda Azərbaycana necə yardımçı olacaqları sual doğurur. Azərbaycan Qarabağda minaların təmizlənməsində ölkəmizə dəstək verən, avadanlıqlar göndərən, təcrübəsiylə bölüşən hər ölkəyə və təşkilata minnətdardır. Rusiya da bu işdə Azərbaycana yardımçı olarsa, dəstəyə görə minnətdar olarıq. Sadəcə bu işə rusiyalı sülhməramlıların deyil, Rusiyada bu işdə təcrübəsi olan mütəxəsisislərin Azərbaycana göndərilməsi faydalı olardı.

Məsələ burasındadır ki, Rusiya hərbçilərini Qarabağda uzun müddət saxlamaq üçün dəridən-qabıqdan çıxır. Amma düşünürəm ki, bunun faydası olmayacaq.

- Bəziləri bildirirlər ki, əslində sülhməramlıların hələlik bölgədə qalması Azərbaycanın maraqlarına uyğundur. Fikirlərini də onunla əsaslandırırlar ki, ruslar Qarabağdan çıxsa, yerinə beynəlxalq sülhməramlı missiya gələcək...

- Tamamilə, yanlış yanaşmadır. Çünki Azərbaycanın razılığı olmadan heç bir ölkənin və təşkilatın hərbçiləri Qarabağa daxil ola bilməz. Nəinki Qarabağa, ümumiyyətlə icazə olmadan Azərbaycana daxil ola bilməz. Biz isə Rusiya sühməramlılarının Qarabağı tərk etməsini istədiyimiz kimi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyən ölkə və təşkilatların bölgəmizə daxil olmasını da istəmirik. Ona görə də bu arqumentlərin heç bir əsası yoxdur.

Müəllif: Anar Bayramoğlu