Koronavirus ayrı-seçkilik etmir: <font color=red> Maskaları çıxarın</font>

Cəmiyyət

04.03.2020 - 22:00

Ölkə rəhbərinin xəbərdarlığından sonra apteklərdə maska və spirt məsələsi nə yerdədir?
 
3 mart 2020-ci ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasının kollektivi ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev tibbi maskaların çatışmazlığı probleminə toxundu: "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Buna heç cür izahat tapmaq mümkün deyil. Çünki bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir.
 
Bu açıqlama nahaqdan verilmədi. Çünki qonşu ölkələrdə koronavirusun yayılmasından, xüsusilə ona Azərbaycanda da yoluxma faktlarının təsdiqlənməsindən sonra ölkəmizdə tibbi maskalar və spirt çatışmazlığı müşahidə olunmağa başlayıb. Bununla bağlı yerli KİV-lər yazır və bu məsələ artıq telekanalların da xəbər buraxılışlarının əsas süjet xəttinə çevrilib.
 
AYNA əməkdaşı paytaxtdakı bir sıra apteklərə baş çəkib, vəziyyəti yerində aydınlaşdırmağa çalışıb. Xüsusilə, dövlət başçısının xəbərdarlığından sonra hər hansı bir tədbir görülüb-görülmədiyi maraqlıdır.
 
Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində yerləşən böyük bir aptekdə (reklam və anti-reklam baxımından adını qeyd etmirik) spirt tapa bilmədik... Üstəlik dedilər ki, "tibbi maskalarımız da yoxdur".
 
Aptekdə çalışanların əsaslandırması: "Onlara tələbat çoxdur. Bəzən bir qutu gətirirlər. Hər qutuda 50 tibbi maska olur. Bir maskanın qiyməti 20 qəpikdir. Bu günə maskamız qalmayıb, bundan sonra gətirilib-gətirilməyəcəyini bilmirik".
 
Mingəçevirdə güclü təsiredici dərmanlar satan aptek müdiri saxlanılıb
 
Yaxınlıqda olan digər apteklərə də baş çəkdik. Onlardan birində, yalnız iki tibbi maska var idi. "Çox nadir hallarda bir qutu gətirilir. Hər qutuda 50 ədəd maska olur. Bir maskanın qiyməti 20 qəpikdir. Spirtimiz isə yoxdur", - dedilər həmin aptekdən.
 
Üz tutduğumuz üçüncü aptekdə də tibbi maska yox idi. Eşitdiyimiz arqumentlər də eyni oldu: "Bəzən bir qutu gətirirlər. Maskanın qiyməti 20 qəpikdir. Spirtimiz isə var. Bir şüşə spirtin qiyməti 50 qəpikdir".
 
Küçənin Bakı Dövlət Universitetinə daha yaxın hissəsində yerləşən növbəti aptekdə də oxşar mənzərə ilə üzləşdik: "Bizdə tibbi maskalar uzun müddətdir ki, satışda yoxdur. Əvvəl tibbi maskaları 10 qəpikdən satmışıq, indi ümumiyyətlə yoxumuzdur. Spirtimiz də yoxdur".
 
Beləliklə, məlum olur ki, vəziyyət ürəkaçan deyil. Ən yüksək səviyyədə xəbərdarlıq edilsə də, işbazlar bundan nəticə çıxarmır - Bakıda tibbi maska və tibbi spirt böhranı yaşanır.
 
 
P.S. Baş çəkdiyimiz apteklər hansısa kiçik qəsəbədə, gözdən uzaq ərazidə deyil, paytaxtın ən gur ərazilərindən birində yerləşir - "Elmlər Akademiyası" metrostansiyasının və bir neçə ali məktəbin yaxınlığındadır. Yəni insanların ən sıx olduğu ərazilərdən birində. Buna görə də riskləri özünüz düşünün, möhtəkirlər...
Müəllif: Rəşad Rüstəmov