Komitə sədri: “Büdcənin 30 faizdən çoxunu sosial xərclər təşkil edəcək”

İqtisadiyyat

24.12.2020 - 12:44

Tahir Mirkişili: “Büdcə xərclərinin 2021-ci ildə artırılması insanların sosial rahatlılığının təmin edilməsinə təsir göstərəcək”

 

“2020-ci ildə Azərbaycan 3 cəbhədə - koronavirusla, dünyada davam edən qlobal böhranla və işğalçı Ermənistanla mübarizə apardı. Bütün dünya üçün 2020-ci il itirilmiş il olsa da, Azərbaycan üçün qazanılmış il olacaq”. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Gələn ilin büdcə layihəsini təqdim edən deputat bildirib ki, artıq qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, infrastrukturun qurulması kimi çağırışlar var: “Dövlətin dəstəyi nəticəsində pandemiyanın təsirləri azalıb. İqtisadiyyatımızın Prezidentin diqqət mərkəzində olması iqtisadiyyatı kəskin şoklardan qoruyub”.

 

“Koronavirusla mübarizə aparılıb və bu, davam edir. Gələn ilin əvvəlindən peyvəndləmə aparılacaq. Bu, 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyi artıracaq”, - deyə Mirkişili söyləyib.

 

Komitə sədrinin sözlərinə görə, bu da neft qiymətlərinə öz müsbət təsirini göstərəcək: “Ona görə də 2021-ci ilin büdcəsində neftin 1 barrelinin 40 dollar götürülməsi məqsədəuyğundur”.

 

T.Mirkişili onu da vurğulayıb ki, büdcə xərclərinin 2021-ci ildə artırılması insanların sosial rahatlılığının təmin edilməsinə təsir göstərəcək. 2021-ci ilin dövlət büdcəsinin 30 faizdən çoxunu sosial xərclər təşkil edəcək: “Bu da Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tələbidir”.

Müəllif: Ayna.az