Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub

Xəbərlər

04.10.2022 - 10:58

Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Nazirlikdən bildirilir ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müəllif: Ayna.az