Jurnalistdir, başını burax, fikir vermə... – AXI NİYƏ?!

Cəmiyyət

22.07.2022 - 10:00

Görəsən, kimi tapaq ki, bu bayram günü bizə qonaqlıq versin?

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Bu gün Azərbaycan jurnalistikası 147 yaşını qeyd edir. Amma bayram gecəsi mən yata bilmirdim, sanki yerimə qor dolmuşdu. Elə hey fikirləşirdim: əcaba, axı niyə bizim peşənin daşıyıcıları arasında illər keçdikcə gülər üzlər dərdli simalara çevrilir, niyə bizim 90-cı illərin ortalarında həvəslə gəldiyimiz jurnalistika sahəsinə bu gün çox az gənci cəlb edə bilirik və bizi bu günə qoyanlar niyə belə etdilər, məqsədləri nə idi? Axı niyə?!

Bayramlarda, görmüşük ki, sevinərlər, deyib-gülərlər, hədiyyə verib, hədiyyə alarlar. Elə biz də əvvəllər belə edərdik. Həmin gün sanki, özümüzü fərqli hiss edər, hansısa bankın və dövlət qurumunun göndərdiyi tortdan yeyə-yeyə öz aramızda necə vacib bir işlə məşğul olduğumuzu fəxrlə dilə gətirərdik.

Amma bu gün mən, yəqin ki, bizim peşənin bir çox daşıyıcıları kimi, nədənsə sevinə bilmirəm və illər keçdikcə, hər 22 iyulda bu bayramı “ömürdən bir daha getdi” nostaljisində, “qara bayram” əhval-ruhiyyəsi ilə qeyd edirəm.

Artıq 3-cü ildir ki, bu “qara bayramı” Prezident Administrasiyasının sabiq şöbə müdiri, mətbuatın o zamankı “xaç atası” Əli Həsənovsuz qeyd edirik. O, Əli Həsənovdan söhbət gedir ki, bütün mətbuatı dirijor çubuğu ilə oxuyan xora çevirmişdi, o Əli Həsənovdan söhbət gedir ki, sıralarında bu sətirlərin müəllifi də olmaqla, ehtiyacı, haqqı olan, amma lazımi yerdə adamı olmayan neçə-neçə jurnalistin haqqını yemiş, Prezident tərəfindən verilən evlərin siyahısında onların adının üzərindən qara qələm çəkmişdi.

Yox, əsla, bu gün nə Həsənovun dövründə edilən haqsızlıqlardan, nə jurnalsitlərin intizarla verilməsini gözlədikləri 3-cü binadan, nə də digər bu kimi nəsnələrdən danışacağam. Bu gün sadəcə öz yaş qrupumdan olan jurnalistlərin adından bəzi şeyləri etiraf edəcəyəm. Beləliklə...

Etiraf edirəm ki, 90-cı illərin ortalarında böyük ümidlərlə ayağımı redaksiyanın qapısından içəri ataraq böyük səhv etmişəm. O zaman ya elmin, ya idmanın, ya da ticarətin dalınca getsəydim, bəlkə də, indi gecənin bir aləmində yuxuma haram qatıb, təəssüflə bu sətirləri yazmazdım.

Etiraf edirəm ki, fəaliyyətim boyu dəfələrlə qələmimi sağa və ya sola işlətmək üçün mənə gələn təkliflərdən, bəxşeyişlərdən, yuxarı təbəqəli tanışların kiminsə xahişi ilə ələ almaq cəhdlərindən imtina etməklə səhv etmişəm.

Etiraf edirəm ki, “get filankəsin qəbuluna yazıl, aylıq “abunə” ödəsin”, “yaxşı maşın və ona yaxşı da nömrə almaq istəyirsənsə, bir filankəs müəllimə dəy, onunla dost ol, bayramlarda təbrik elə”, “filankəs müəllim xahiş edir ki, bu yazını çıxarsın, borclu qalmarıq” kimi çoxsaylı təklifləri qulaqardına vurmaqla səhv etmişəm.

Etiraf edirəm ki, 90-cı illərin sonlarında parlament müxbiri olan zaman müsahibə, açıqlama aldığım deputatların “çay-obed” təkliflərinə “təşəkkür edirəm, ehtiyacım yoxdur” cavabını verərək, elə onların gözü qarşısında yanaşı stolda bir çaynik çay və peçenye sifariş etməklə böyük səhv etmişəm. “Çay” və “obeddən” imtina etməyənlərin çoxu bu gün ən azı hansısa saytın rəhbəridir və özlərinə “ayın sonuna on gün var, maaşa qədər nə edəcəyəm” sualını vermirlər.    

Etiraf edirəm ki, yanımıza gələn universitet tələbələrini də bu peşəyə cəlb etməklə səhv etmişəm. Uşaqların taleyi ilə oynamışam.

Etiraf edirəm ki...

Dediyim kimi, etiraf etməyə nəsnələr çoxdur və bu, təkcə mənim yox, bizim - 90-cı illərin ortalarında jurnalistikaya gələn nəslin bir çox nümayəndələrinin etirafıdır. Axı biz haradan biləydik ki, qəzet bükən maşın işləməyəndə belə, çap maşınından çıxan nüsxələri əllə bükmək üçün yuxumuza haram qatmaqla, köşklərə çıxarılmayan nömrələri əlbəəl paylamaqla, nə qədər mənasız bir işlə məşğul olmuşuq?!

Biz nə biləydik ki, bir müddət ötəcək, başımıza Əli Həsənov keçəcək və elə o da ona tabe olmayan başlarımızı müxtəlif yollarla kəsəsək?!

Biz haradan biləydik ki, üç ildir Həsənovsuz olan mətbuatımız elə onun qoyduğu dəst-xəttlə idarə olunmağa davam edəcək, sadəcə ləhcə fərqlənəcək?!

Biz haradan biləydik ki, Azərbaycanda jurnalistə iş tapmaq müşkülə çevriləcək və hansısa redaksiyaya düzəlmək üçün mütləq kimsə səni tapşırmalı olacaq və ya az-maz səni tanıyan media rəhbəri səni işə götürmək istəsə, bir sıra indiki jurnalistika üçün adi, amma o zamankı üçün faciə sayıla biləcək qadağalar qoyacaq?!

“Bizdə benzinin qiymətindən yazmaq olmaz, pulumuzu SOCAR verir”, “Bizdə iqtisadiyyatı çox tənqid etmək olmaz, İqtisadiyyat Nazirliyində dostlarımız var”, “Bizdə FHN-i tənqid etmək olmaz, maliyyəmiz o kanaldan gəlir”, “Bizdə Media Agentliyini tənqid etmək olmaz, çünki...”

Bu olmazları və onları izah edən “çünki”ləri media rəhbərlərindən dinləyə-dinləyə, gözümün qabağına öz gənclik dövrümün baş redaktorları gəlir (bu gün onların arasında haqq dünyasında olanlar da var, illərin dərdini içində çəkib, xəstəliyə düçar olanlar da) və onlara xitab edərək, həmişə rəhmətlik Vaqif Səmədğolunun ssenarisi əsasında Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” filmindən alkaş Hüseynin veterana ünvanladığı monoloq düşür yadıma: “Tanrıverdi dayı, sən bizim uğrumuzda ayaqlarını itirmisən? İtirmisən ki, mən rahat şəraitdə "vurum" özümüçün? Rasim öz alverini eləsin? Moşu da gic-gic şeirlər yazsın: xoşbaxtlıq, səadət. Ömürü boyu xoşbaxtlığa qafiyə axtarıb. Moşu, tapammazsan. Bu gün mənim böyüdüyüm detdomu da söküb, yerində səadət sarayı tikiblər”.

Acı həqiqətdir, amma bu gün Azərbaycan jurnalistikasında ya “rasimlər”, ya da “moşular” at oynadır. Sözü heç kim tərəfindən eşidilməyən “hüseynlər”in böyüdüyü “detdom”u isə söküblər və deyəsən, yerində nəinki səadət sarayı, ümumiyyətlə, heç nə tikmək istəmirlər. Nəsə “tiksələr”, ölkədə oxuyan və düşünənlərin sayı artar axı.

Görünür, bu ölkədə ciddi mətbuat oxuyanlar və düşünənlər heç kimə lazım deyil. Düşünməyə, oxumağa çağıranları, bu işə mane olanları tənqid edən zorən “hüseynə” çevrilmişləri isə ya “demoqoq”, ya “zastoy”, ya da “kefli İsgəndər” adı qoyaraq, ələ salır, yazmağa yeri, yeməyə çörəyi olmaması üçün əllərindən gələni edirlər.

Reallıq belədir: ya təməli Əli Həsənov tərəfindən qurulan xorun bir hissəsi olmalısan, ya da ümumiyyətlə, bu peşədən gedib, taksi sürməli və ya çay satmalısan. Bu peşələrin adını ona görə çəkdim ki, nə qədər gülməli də olsa, mətbuatda yaza bilmədiyimiz söhbətlər azad şəkildə ya taksidə edilir, ya da çayçıda. Bir zamanlar gizli mətbəələrdə, Azadlıq Meydanında təməli qoyulan demokratik mətbuat, fikir azadlığı taksilərdə və çayçılarda davam edir - daha bir Azərbaycan absurdu.

...Sağlamlıq problemi olan yaxın bir qohumumu tanış həkimin yanına aparmışdım. Həkim məşğul idi və bir az gözləməyimizi xahiş etdi. Xəstəxananın qarşısında mühafizəçi ilə birlikdə siqaret çəkir, ordan-burdan danışırıq. Bu zaman bir şəxs (qadın və ya kişi olduğunu vurğulamayacağam, fərqi yoxdur) mühafizəçiyə yaxınlaşaraq, “Rəis, saboun xeyir! Tut əlimi, əlin bir kişi əlinə dəysin!” deyərək, gülə-gülə içəri keçdi. Mənim kim olduğumu bilməyən mühafizəçi sual dolu baxışlarımı görüb, başı ilə işarə edərək “jurnalistdir, başını burax, fikir vermə” dedi. Nə illah elədimsə, gözlərimi mənə qəribə istehza ilə baxan qohumumdan gizlədə bilmədim...

Mənə elə gəlir ki, bu misal da yuxarıda öz yaşıdlarım olam qələm dostlarım adından etdiyim etiraflara bir daha haqq qazandırır.

Bayramınız mübarək, ey mənim 22 iyul günü işə gələrək, “görəsən, kimi tapaq ki, heç olmasa bu bayram günü bizə qonaqlıq versin?” sualı ətrafında baş sındıran, əziz qələm dostlarım! Başınızı çox sındırmayın, dostlar, onsuz da başımızı buraxıblar. Elə buraxıblar ki, heç fikir də vermirlər...

Müəllif: Yoldaş Mircəfər