Netanyahuya qarşı sosial məsafəli etiraz aksiyası keçirilib
Dünyada COVID-19-la mübarizə getdiyi bir vaxtda, İsraildə Baş Nazir Benyamin Netanyahuya qarşı etiraz aksiyası keçirilib. Tədbirin ən maraqlı tərəfi o olub ki, etirazçılar gündəmə uyğun olaraq aksiyada sosial məsafəni gözləyiblər.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Təl-Əviv küçələrinə tökülüşən etirazçılar Netanyahunun əleyhinə şüarlar səsləndiriblər. Plakatlarda da əksini tapan şüarlarda Baş Nazir haqqında tənqidi fikirlər səslənib, o cümlədən onun haqqında səlahiyyətlərindən sui-istifadəyə dair məhkəmə işinin qəsdən uzadıldıldığı bildirilib.
Qeyd edək ki, B.Netanyahu haqqında məhkəmə iclası cari il martın 17-də keçirilməli idi, ancaq koronavirusla bağlı mayın 24-dək təxirə salınıb. 70 yaşlı Baş Nazirin 2007-2016-cı illərdə iş adamlarından hədiyyə adı ilə 264 min dollar, eləcə də zinət əşyaları, bahalı içkilər aldığı iddia edilir. İddialar sübuta yetirilərsə, o, 10 ildən çox müddətə azadlıqdan məhrum edilə bilər.