"İran Türkiyəyə qarşı cəbhə açarsa..."

Siyasət

16.10.2019 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

Hasan Oktay: "Azərbaycanın Türkiyənin yanında olması hər iki dövlətin gələcəyi baxımından olduqca əhəmiyyətlidir”

 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı uğurla davam edir. Altı gün ərzində Türkiyə ordusu və Suriya Milli Ordusu Suriyanın şimalındakı əsas magistral hesab olunan M4 yolunu tutub.

 

O cümlədən Rasulayn və Tal Abyad şəhərləri terrorçulardan təmizlənib. Oktyabrın 14-dən başlayaraq isə Menbiç şəhərinin terrorçulardan təmizlənməsi prosesinə start verilib və artıq 10-a qədər kənd terrorçulardan azad edilib. Son məlumatlara görə, uğurla davam edən “Sülh çeşməsi” hərəkatında məhv edilən PKK/PYD/YPG terrorçuların sayı 637 nəfərə çatıb.

 

Maraqlıdır ki, artıq Türkiyənin “Sülh çeşməsi” əməliyyatına qarşı çıxan nəhəng dövlətlər də geri addım atdı. Əvvəlcə, Türkiyəni sanksiyalarla hədələyən ABŞ-a məxsus “sabitlik layihələri”ndən məsuliyyyət daşıyan amerikalı hərbçilər Suriyanın şimalını tərk etməyə başladılar. Ardınca da Türkiyəyə, “əsgərlərini çək” deyərək dünyanı ayağa qaldıran Fransa əsgərlərini geri çəkməyə istiqamətləndi.

 

Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay AYNA əməkdaşı ilə söhbətində baş verənləri şərh edib.

 

O, əvvəlcə “Sülh çeşməsi” əməliyyatının hazırkı mərhələsinə aydınlıq gətirib: “Türkiyənin terrora qarşı apardığı mübarizə üç mərhələdə reallaşacaq. Fəratın şərqini terrorçulardan azad etmək istəyən Türkiyə ordusu, əvvəlcə terrorçuların bölgə ilə əlaqələrini kəsəcək. Sonra döyüşçülər və silah bazaları məhv ediləcək. Daha sonra isə bölgənin hər tərəfdən təhlükəsizliyi təmin olunacaq və qaçqınların evlərinə geri dönməsi ilə bağlı planlara start veriləcək. Noyabrın 13-dək davam edəcək bu fəaliyyət planı gözlənildiyindən daha yaxşı irəliləyir”.

Картинки по запросу Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay

Müsahibimiz sözügedən əməliyyata görə Türkiyəni hədəfə alan ölkələr barəsində də danışıb: “Dünyanın bir çox yerindən bu hərəkat haqqında mənfi fikirlər səsləndirildi. Halbuki bir çox ölkə terrorla ciddi mənada mübarizə aparır. Avropanın özü terror hücumları ilə üz-üzədir. Buna rəğmən, Avropa İttifaqı Türkiyənin Fəratın şərqində terrorçulara qarşı apardığı mübarizənin əleyhinə bəyanatlar səsləndirməkdə davam edir. Halbuki bütün dövlətlər terror təşkilatlarının hücumlarına qarşı mübarizə aparan Türkiyənin bu əməliyyatını alqışlamalıdır”.

 

H.Oktayın sözlərinə görə, Türkiyənin terrora qarşı apardığı mübarizəni kürdlərə qarşı mübarizə planı kimi qələmə verənlər yanılırlar: “Bu, kürdləri də həyatından bezdirən terrorçulara qarşı aparılan əməliyyatdır. Dolayısı ilə bu əməlıiyyata qarşı çıxanların adı uzun illər terrorçularla bir xatırlanacaq. Türkiyəyə dəstək verən dövlətlər isə terrora qarşı aparılan şanlı mübarizəyə dəstək verməyin gətirdiyi rahatlıq içərisində varlıqlarını sürdürəcək”.

 

“Bu hərəkat bitdikdən sonra, terrora qarşı köklü mübarizə aparan qürurlu Türkiyənin mübarizəsi nəticəsində terror təşkilatlarının təzyiqi altında yaşayan xalqın xilas olduğunun, necə firavan, rifah içində həyat sürdüyünün bütün dünya açıq şəkildə şahidi olacaq. Türkiyə yaratdığı təhlükəsiz bölgədə heç bir ayrı-seçkilik etmədən, yəni kürd, ərəb, sünni, şiə fərqi qoymadan - bütün insanların sülh içərisində yaşamasını təmin etdiyini bütün dünyaya göstərəcək”, - deyə KAFKASSAM sədri əlavə edib.

 

Həmsöhbətimiz Amerika və Fransa əsgərlərinin əməliyyat gedən ərazidən çəkilməsinə də toxunub: “Türkiyənin haqlı və qərarlı olduğunu görən dövlətlər, istər-istəməz əsgərlərini bölgədən çəkmək məcburiyyətindədir. İndi Amerika, Fransa edirsə, sabah da İran öz hərbi birliklərini bölgədən çəkməyə məcbur olacaq. Əgər İran hərbi qüvvələrini bölgədən çəkməsə, üstəlik Suriya ordusu ilə Suriya Demokratik Qüvvələrinin güclərini birləşdirərək Türkiyəyə cəbhə açmağa çalışarsa, nəticədə özləri zərər görəcəklər”.

 

H.Oktay Azərbaycanın Türkiyəyə dəstəyindən də danışıb: “Azərbaycanın sözdə və əməldə dəstəyi Türkiyə üçün çox önəmlidir. Azərbaycanın terror təşkilatlarının və işğalçı qüvvələrin təzyiqinə məruz qalmış dövlət olaraq Türkiyənin yanında olması həm Türkiyə baxımından, həm də Azərbaycanın gələcəyi baxımından olduqca əhəmiyyətlidir”.

Müəllif: Rumiyyə Miraslan