Deputat: “Heç bir günahı olmayan azərbaycanlıları casus ittihamı ilə həbs edirlər”
Politoloq: “Bu, açıq şəkildə beynəlxalq hüquq normalarının pozulması və adam oğurluğudur”
Xəbər verdiyimiz kimi, İranda Azərbaycan vətəndaşı həbs edilib. Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərli Jena şəhərinə praktikaya gələn bir iranlı həkim dostu ilə Tehrana səyahət edib. Həmin gənc üç gün öncə tələbə yoldaşlarına yazıb ki, “kartım İranda işləmir, mənə bilet alın”. Tələbə yoldaşları ona Tehran-İstanbul-Berlin reysi ilə bilet alıblar.
Səfərli martın 5-də Almaniyada olmalı imiş. Biletdə də uçuşun və enişin vaxtı elə qeyd olunub. Amma adamdan heç bir xəbər olmayıb. Sonradan məlum olub ki, həmin gənc İranda həbs edilib. Sonradan İran hakimiyyət orqanları onun casusluqda ittiham olunduğuna dair məlumat yayıb.
Qeyd edək ki, İranda Azərbaycan vətəndaşlarına qarşı dəfələrlə anoloji həbslər baş verib. Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyevin həbsi, onun barəsində üç il müddətinə azadlıqdan məhrumetmə qərarının çıxarılması da bunun bariz nümunələrindəndir.
Azərbaycanın İrandakı səfirliyinə qarşı cari ilin yanvar ayında törədilən terror hücumu, bu hücuma İran rejimi tərəfindən hüquqi qiymət verilməməsi, terror aktının məişət səviyyəsinə endirilməsi, diplomatik korpusun əməkdaşının qətlə yetirilməsinə soyuqqanlı davranış, Azərbaycana qarşı həyata keçirilən çoxvektorlu təzyiqlər molla rejiminin ölkəmizə münasibətinin bariz nümunəsidir. Bu isə öz növbəsində Azərbaycan vətəndaşlarının İrana səfərinin təhlükəli olmasına dair heç bir şübhə yeri qoymur.
Baş verənlərə dair AYNA-ya danışan Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev deyib ki, Tehran rejimi Azərbaycanda ifşa olunan İran agentura şəbəkəsinin qisasını alır: “Almaniyada təhsil alan tələbə Fərid Səfərlinin həbsi də bu qəbildəndir. Heç bir günahı olmayan azərbaycanlılara qarşı qəddar və amansız münasibət nümayiş etdirirlər. Azərbaycan kəşfiyyat orqanlarının əlində İran xüsusi xidmət orqanlarına işlədiyi sübuta yetirilən xeyli sayda casusun video-çıxışları var. Sosial media platformalarında da buna bənzər çıxışları müşahidə etmək mümkündür. Bütün bunları görməzdən gəlirlər. Lakin heç bir günahı olmayan azərbaycanlıları casus ittihamı ilə həbs edirlər”.
“Azərbaycanın İrandakı diplomatik korpusuna terror hücumu oldu. Nəticədə səfirliyin bir əməkdaşı həlak oldu, bir neçə əməkdaşı isə yaralandı. İran bu cinayətin üstünü açmağa həvəs göstəmir. Bu terror aksiyasını məişət hadisəsi kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışırlar. Bu halda ortaya haqlı sual çıxır: İran niyə bu terror hücumunu gizlətmək və fərqli müstəvilərə daşımaq niyyətindədir? Görünən odur ki, İran Azərbaycana qarşı qisasçılıq hissi ilə alışıb yanır”, - deyə deputat bildirib.
Həmzəyevin fikrincə, İranın Azərbaycana qarşı təzyiqlərinin əsas səbəblərindən biri də İsraillə olan diplomatik münasibətlərdir: “İran Qafanda konsulluq açır, sərhədlərimizdə hərbi təlimlər keçirir, ölkəmizə qarşı açıq şəkildə təxribatlar həyata keçirir və bütün bunların qarşılığında Azərbaycanla İsrailin dostluğundan narahatdır?! Azərbaycan dəfələrlə rəsmi səviyyədə bəyan edib ki, İsraillə, eləcə də digər dövlətlərlə münasibətlərimiz üçüncü dövlətlərə qarşı yönəlməyib. Bütün bunlar bir daha göstərir ki, İran rejimi daxildə baş qaldıran kütləvi narazılıqları önləmək, etirazlardan yayınmaq üçün xaricdə düşmən axtarışına çıxıb və Azərbaycanı düşmən kimi qəbul edir. Fərid Səfərlinin həbsi və digər təxribatlar da bundan qaynaqlanır. Lakin bununla heç nəyə nail ola bilməyəcəklər”.
Politoloq Cümşüd Nuriyev mövzuya dair AYNA-ya şərhində söyləyib ki, artıq Tehran rejimi başını itirib, nə etdiyini bilmir: “Təsəvvür edin ki, rəsmi Bakı Fərid Səfərlinin həbsi məsələsi ilə bağlı İrandan açıqlama tələb etməsəydi, onun həbsini bu günə qədər gizlədəcəkdilər. Bu, açıq şəkildə beynəlxalq hüquq normalarının pozulması, adam oğurluğudur. Molla rejimi dəfələrlə oxşar texnologiyadan istifadə edib. Xeyli sayda azərbaycanlı İranda heç bir əsas və səbəb göstərilmədən casusluq ittihamı ilə həbs edilib”.
Müsahibimiz Tehran tərəfinin ittihamını absurd hesab edir: “Fərid Səfərli Avropada təhsil alır və tələbədir. Onun casus kimi İrana getməsi mümkün deyil. Görün, İran rejimi hansı səviyyəyə enib ki, açıq formada insanları şərləməklə məşğuldur. Bu, həm də İranda yaşayan soydaşlarımızın gözünü qorxutmaq cəhdidir. Anlayırlar ki, güneylilər öz haqlarını tələb edir və İrandakı etirazlarda fəallıq nümayiş etdirirlər. Bu cür həbslərlə onları təzyiq altında saxlamağa çalışır, həbs edəcəkləri ilə hədələyirlər”.
“Onsuz da İran vətəndaşları bilirlər ki, ölkədə avtoritarizm hökm sürür. Adamlar siyasi baxışlarına görə təqib olunur, zindana salınır, edam olunurlar. Bu, onların gözünü qorxutmursa, onlar bu həbsdən də qorxası deyillər. İran da öz ağlı ilə bir tələbəni tutub ki, guya, biz orada kəşfiyyat işi aparırıq. Adicə hər gün hüquq-mühafizə orqanlarımız İrandan Azərbaycana keçən kilolarla narkotikin qarşısını alır. Azərbaycan molla rejiminə çox ciddi ziyan vurur. Onlar da öz ağılları ilə Azərbaycanı belə cəzalandırırlar”, - deyə Nuriyev fikrini yekunlaşdırıb.