İnflyasiya pikdə, bahalaşma rekord qırır

İqtisadiyyat

31.08.2022 - 14:00

Qiymət artımına qarşı hansı addımlar atmaq olar?

Ekspertlər hesab edirlər ki, ərzaq və dərmanların bahalaşması ilə mübarizədə mühüm addım fiskal boğucu kəndirinin zəifləməsi, ən əsası isə əlavə dəyər vergisinin (ƏDV) azaldılması və ya tamamilə aradan qaldırılmasıdır. ƏDV məhsul və ya xidmətin son dəyərini artıran dolayı əlavə dəyər vergisidir. Axı, satıcı onu qiymətə daxil edir və bununla da alıcıya ödəniş üçün təqdim edir.

Bu vergidən imtinanın və ya ən azı onun məhdudlaşdırılmasının qiymətlərin bahalaşmasını saxlamağa kömək edəcəyini yerli analitiklər illərdir deyirlər. Və artan qiymətlər bu problemi təkrar-təkrar geri gətirir.

ReAL partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, ərzaq və dərmana ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif etdikləri vaxtdan təxminən iki aya yaxın vaxt keçib: “Lakin hökumətdən bu təşəbbüsə heç bir reaksiya verilməyib. Halbuki, bizim təklifimiz sadə və effektivdir”.

“Bu gün əhalinin, təxminən 80%-i mağazalar şəbəkəsindən ərzaq alır, onlar həm də ƏDV ödəyiciləridir. Belə çıxır ki, alıcı 100 manatlıq məhsul almaq üçün, deyək ki, 118 manat ödəməyə məcbur olur. Amma daha yaxşı olar ki, həmin 100 manatı ödəməklə insanlar bu verginin 18 yox, 2 manatını ödəsinlər, 16 manata qənaət etsinlər ki, bu da başqa ehtiyaclara xərclənə bilər”, - deyə həmsöhbətimiz bildirib.

Cəfərlinin sözlərinə görə, bu, inflyasiya ilə mübarizə aparanlar arasında cavabsız qalan təklif olub: “Lakin hökumət inflyasiya və istehlak qiymətlərinin yüksəlməsini əsas problem adlandırır. Bizə artan qiymətləri saxlamaq üçün nəzərdə tutulmuş addımlar və tədbirlər haqqında məlumat verilir. Amma ərzaq və dərmanlar üçün ƏDV-nin 18%-dən 2%-ə endirilməsi hər hansı digər sosial dəstəkdən daha effektivdir”.

Bu arada ərzaq məhsullarının gündən-günə bahalaşması əhalinin cibini “yandırmaqda” davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) bu il orta illik inflyasiyanın 12,5-12,8 faiz səviyyəsində olacağını gözləyir. Rəsmi statistikaya görə, cəmi 7 ayda istehlak bazarımızda qiymətlər 13% bahalaşıb. Ərzaq, içkilər və tütün məmulatları üzrə isə 18,7 faiz inflyasiya qeydə alınıb. Lakin müstəqil analitiklər yerli istehlak bazarında inflyasiyanın orta hesabla 35-40 faiz olduğunu bildirirlər.

İqtisadçı ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, nə sosial müavinətlər, nə pensiyalar, nə də maaşlar belə bahalaşma şəraitində yaşamağa kömək edə bilər: “Mən bu ilin iyulunu xüsusilə güclü qiymət artımı kimi xatırlayıram. Fikir verin, kiloqramı orta hesabla 78 qəpik olan pomidor bu ilin iyul ayında bir yarım, hətta iki manata qədər bahalaşmışdı. Ötən ay soğan 81%-dən çox bahalaşıb - 53 qəpikdən 96 qəpiyə. Ötən ilin iyulunda ikinci çörək olan kartofun bir kiloqramı 70 qəpiyə alınıb, iyulda isə bu qiymət 48% artaraq 1 manatı keçib çatıb. Badımcanın qiyməti 82 faizdən çox, yaşıl lobya 54 faiz bahalaşıb. Ötən ay orta hesabla tərəvəzlər 62%, meyvələr 24% bahalaşıb”.

“Avqustun əvvəlində tərəvəz və meyvələrin kəskin bahalaşmasından sonra ucuzlaşma müşahidə olunub. Amma bu, son vaxtlar bahalaşmanı və qiymət konyukturasının bu yay təkrarlana biləcəyini inkar etmir. Digər məhsullar da bahalaşır”, - deyə mütəxəssis söyləyib.

Əliyev vurğulayıb ki, çörəyin qiyməti 38%, qarabaşaq yarması 37%, günəbaxan yağı 32%, şəkər tozu 25% bahalaşıb: “Əsas ərzaq məhsullarının qiymətinin qalxma səviyyəsi çox bezdiricidir. Digər mallara gəlincə, il ərzində dəftərxana ləvazimatları 43%, mobil telefonlar 29%, noutbuklar 41%, poçt xidmətləri 58% bahalaşıb. Bu fonda maaşlar, pensiyalar, sosial müavinətlər diqqətçəkicidir. Onların artımı qiymət artımı sürətinə yaxın belə, deyil. Bu isə ixrac olunan neft və qazın qiymətinin artması ilə son il yarımda dövlətin 26 milyard manat gəlir əldə etdiyi bir vəziyyətə baxmayaraq yaşanır”.

İqtisadçı qiymət artımının mənfi nəticələrini neytrallaşdırmaq üçün quru sərhədlərinin açılmasını və ticarətə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, bununla da qiymətlərin süni şəkildə artırılması mexanizmlərinin aradan qaldırılmasını təklif edir.

Bundan əvvəl iqtisad elmləri doktoru, professor Fikrət Yusifov da təklif etmişdi ki, quru sərhədləri açmaq, vətəndaşlar üçün ərzaq gətirmək limitini on dəfə artırmaq ümumiyyətlə, növbəti üç il ərzində məhdudiyyətləri tamamilə aradan qaldırmaq daha yaxşıdır. O, həmçinin təklif etmişdi ki, bazarın inhisarlaşmasına təkan verən məhdudiyyətlər təcili və qeyd-şərtsiz aradan qaldırılsın, qiymətləri sabitləşdirmək üçün bazar məhsullarla doldurulsun.

Müəllif: Tanya Samsonova