“İnanıram ki, tezliklə Tofiq Yaqublu azad ediləcək” – <font color=red> Hüquq müdafiəçisi</font>

Siyasət

11.09.2020 - 15:34

Səidə Qocamanlı: “Bu həbs heç kimə lazım deyil”

 

Hüquq müdafiəçilərindən ibarət İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun (BİQ) üzvləri həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü, siyasi fəal Tofiq Yaqublu ilə görüşmək üçün aidiyyəti orqanlara müraciət ediblər. Bu barədə AYNA-ya BİQ-in üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Deyib ki, hələlik görüş üçün müraciətlərinə cavab verilməyib.

 

Bununla yanaşı, S.Qocamanlı T.Yaqublunun tezliklə azadlığa buraxılması üçün rəsmi instansiyalara müraciət ünvanladıqlarını da söyləyib: “Hüquq müdafiəçiləri olaraq bildirmişik ki, Tofiq Yaqublunun azad edilməsini vacib sayırıq. Siyasi fəalın həbsxanada 10 gündür ki, aclıq aksiyası keçirməsi Azərbaycan üçün, ölkəmizin adı üçün yaxşı hal deyil”.

Səidə Qocamanlı: Siyasi məhbuslarla bağlı yeni işçi qrup yaradılacaq  [Video-müsahibə]

“Biz istəməzdik ki, ölkəmiz yenidən beynəlxalq təşkilatların, ilk növbədə Avropa Şurasının qınağı ilə üzləşsin. Yəqin, heç kəs arzulamır ki, yenidən orada Azərbaycanda insan haqlarının pozulması ilə bağlı faktlar açıqlansın, ölkəmizə qarşı hansısa xoşagəlməz addımlar atsınlar. Belə halların qarşısının alınması üçün biz hökuməti Tofiq bəyi tez zamanda azad etməyə çağırırıq. Çox ümid edirik ki, bizim səsimiz eşidiləcək. İnanıram ki, tezliklə Tofiq Yaqublu azad ediləcək”, - o bildirib.

 

Hüquq müdafiəçisi vurğulayıb ki, bu həbs heç kimə lazım deyil: “Ölkəmiz ağır pandemiya dövrünü yaşayır. Azərbaycana qarşı həm xaricdən, həm daxildən düşmənçilik edən müəyyən qüvvələr var, düşmən gözü baxır. Belə bir zamanda siyasi fəalın həbsi kimə lazım idi?! Əlbəttə, belə prosesdə maraqlı qüvvələr var, onlar istəyirlər ki, Azərbaycana təzyiqlər edilsin, ölkənin adına ləkə gəlsin. Biz belə qüvvələrin olduğunu açıq bilirik. Ona görə də, hüquq müdafiəçiləri olaraq hesab edirik ki, Tofiq bəy azad edilməlidir”.

 

Qeyd edək ki, BİQ T.Yaqublunun həbsdən azad edilməsi üçün dövlət orqanlarının nümayəndələri ilə müzakirələr aparır. Hüquq müdafiəçiləri dövlət qurumlarının nümayəndələrinə, deputatlara, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ediblər. Hüquq müdafiəçiləri məsələnin həllini Yaqublunun apellyasiya şikayətinə təcili və obyektiv baxılmasında, birinci instansiya məhkəməsinin hökmünün ləğvində və onun azad edilməsində görürlər.

 

Xatırladaq ki, T.Yaqublu xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etməklə bağlı maddələr üzrə 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. İttihamı qəbul etməyən Yaqublu həbsxanada ölüm aclığına başlayıb. Artıq o, 10 gündür aksiyanı davam etdirir.

Müəllif: Anar Bayramoğlu