İmperiyanın qanadları altında: bütün ölkələrin rusdilliləri, birləşin!

Siyasət

01.04.2022 - 13:19

Günlərin bir günündə Rusiya həmvətənlərini qorumaq üçün başqa bir müstəqil ölkəyə hücum etməyəcəkmi?

Rusiya Federasiyası Dövlət Dumasının odioz deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, vaxtaşırı ekssentrik imperialsit və millətçi bəyanatları, ermənipərəst və antiazərbaycançı fikirləri ilə tanınan Konstantin Zatulin aşağı palataya yeni qanun layihəsi təqdim edib. Layihədə xaricdə yaşayan və rus dilini bilən hamının həmvətən kimi tanınması təklif olunur.

Sənədə əsasən, rus dilində danışan və tarixən Rusiya ərazisində yaşayan xalqlara (Rusiya dedikdə nəyi nəzərdə tutur - yalnız Rusiya Federasiyası, ya Rusiya imperiyası - aydın deyil) mənsub olan, habelə birbaşa əcdadları Rusiya Federasiyasının ərazisində doğulmuş və ya yaşamış şəxslərin həmvətən kimi tanınması təklif edilir. Eyni zamanda, qanun layihəsinin izahatında qeyd olunduğu kimi, SSRİ-nin dağılmasından sonrakı 30 il ərzində SSRİ vətəndaşlığına malik olmayan yeni həmvətənlərin yetişdiyi nəzərə alınır.

Sənəddə deyilir: “Bununla əlaqədar olaraq, “vətəndaş” anlayışının tərifindən SSRİ vətəndaşlığı ilə əlaqə anlayışı çıxarılıb”.

Rusiyanın Ukraynanı işğal etmək və yeni ittifaq dövlətinə qoşmaq məqsədi ilə bu ölkəyə hərbi müdaxiləsi dövründə təqdim edilən və Dövlət Dumasının müzakirəsinə verilən qanun layihəsi cavablardan daha çox suallar doğurur. İndiyədək mövcud qanunvericiliyə görə, həmvətən statusunu xaricdə daimi yaşayan Rusiya vətəndaşları, SSRİ vətəndaşı olmuş və keçmiş ittifaq respublikalarının ərazilərində yaşamış şəxslər alırlar.

İndi həmvətən statusu almaq üçün meyarlardan keçmiş SSRİ vətəndaşlığına malik olmaq və onun keçmiş respublikalarının ərazisində yaşamaq tələbinin çıxarılması təklif edilir. Cənab Zatulin iddia edir ki, “SSRİ-nin dağılmasından keçən 30 il ərzində SSRİ vətəndaşlığına malik olmayan yeni nəsil soydaşlarımız yetişib”.

Zatulin hətta müstəqillik elan edildikdən sonra doğulmuş keçmiş sovet respublikalarının vətəndaşlarını belə, “vətəndaş” hesab etməyi təklif edir. Yəni, söhbət suveren dövlətlərdə doğulmuş postsovet ölkələrinin bütün rusdilli vətəndaşlarından gedir.

Sənəddə Rusiyada tarixən yaşayan xalqların siyahısının da təqdim edilməsi təklif olunur (Rusiya dedikdə nə nəzərdə tutulur – yalnız Rusiya Federasiyası və ya Rusiya İmperiyası - yenə də aydın deyil). Qanunun hazırkı variantında belə bir siyahı yoxdur. Deputat siyahıya rusların, eləcə də ukraynalıların, belarusların və Rusiyanın yerli xalqlarının nümayəndələrinin “dövlət əmələ gətirən xalq” kimi daxil edilməsini təklif edir.

Ukraynalılar və belaruslarla bağlı artıq hər şey aydındır, Rusiya imperiyası onları çoxdan öz vətəndaşı hesab edir, amma “Rusiyanın yerli xalqlarının nümayəndələri” deyəndə kimlər nəzərdə tutulur? Əgər söhbət bu gün Rusiya Federasiyasında yaşayan millətlərdən gedirsə, onda onlar hər halda Rusiya Federasiyasının vətəndaşılarıdır, yəni, artıq həmvətənlərdir. Yoxsa Zatulin vaxtilə SSRİ və ya Rusiya imperiyasında yaşamış bütün xalqları bu siyahıya əlavə etməyi təklif edir?

Qanun layihəsinin qeyri-müəyyən mətni, xüsusən də onun baxılmaq üçün təqdim edildiyi vaxtı nəzərə alsaq, müxtəlif cür şərh oluna bilər. Suallar təbii olaraq yaranır:

- Postsovet məkanında yaşayan suveren dövlətlərin bütün rusdilli vətəndaşlarını, hətta SSRİ-nin dağılmasından sonra doğulanların hamısını “həmvətən” kimi təsnif etmək üçün, onlara Cənubi Osetiya, Abxaziya, Dnestryanı, Dağlıq Qarabağda olduğu kimi Rusiya pasportlarının kütləvi şəkildə paylanması ilə əsas yaradılmırmı?

- Yeni qanun bütün postsovet respublikalarının suverenliyinə təhdid, “rus torpaqlarını toplamaq” və onları imperiya qartalının qanadları altına qaytarmaq üçün əlavə əsaslandırmaya çevrilməyəcəkmi?

- Günlərin bir günündə səhər saat 04:00-da Rusiya indiki kimi, "həmvətənlərini" qorumaq üçün başqa bir müstəqil ölkəyə hücum etməyəcəkmi?

Rusiya rəhbərliyində imperiya özünüdərkinə sahib olanlar kifayət qədərdir və rus millətinin özü də imperiyalizm zəhəri ilə iliyə qədər zəhərlənib. İndiki Ukrayna hadisələrini nəzərə alsaq, keçmiş sovet respublikaları üçün də təhlükə realdır və Rusiya öz niyyətlərini həyata keçirmək üçün müxtəlif formalar ortaya qoyur. Bu, postsovet ölkələrini özünə bağlamağın başqa bir yoludur.

Müəllif: Mira Həsənova