İlham Zəkiyev barəsində yayılan xəbəri təkzib etdi: "Məni çox sıxdılar"

İdman

19.06.2019 - 22:11

Həkimlər Klinikalar SEO Xidməti

Paralimpiya çempionu: “Kim nə istəyir, yazır, heç kim də məndən heç nə soruşmur"

 

Bir müddət öncə Heydər Əliyev adına İdman Sarayında paracüdo üzrə beynəlxalq Qran-Pri turniri keçirilib. Həmin yarışda iştirak edən paralimpiya çempionu İlham Zəkiyev qələbə qazana bilməyib.

 

Paralimpiya Federasiyasının prezidenti İlqar Rəhimov bunu səbəbini İlham Zəkiyevin səhhətində güclü problem olması ilə əlaqələndirib. Bildirib ki, İlham Zəkiyevin döyüşlərdə aldığı güllə yarasından dolayı kəskin ağrılar var və məhz buna görə də o, döyüşə bilmir: "Buna görə də o, sonuncu yarışda medal qazana bilməyib".

 

İlham Zəkiyev isə AYNA-ya açıqlamasında Federasiya prezidentinin verdiyi açıqlamanı təkzib edib. İdmançı bu xəbərin yalan olduğunu deyib: “Mətbuatda kim nə istəyir, deyir, kim nə istəyir, yazır. Heç kim də məndən soruşmur. Əlbəttə ki, güllə yarasının yerində heç bir problem yoxdur. Doğrudur, hərdən təzyiqim qalxır, bu da normal haldır”.

 

Paracüdoçu sonuncu yarışda medal qazana bilməməsinin səbəbinə də aydınlıq gətirib: “Sonuncu yarışda məğlub olma səbəbim sol qolumun dirsəyindəki zədə oldu. İki il öncə qolumdan əməliyyat keçirmişdim. Yarışda həmin nahiyəyə güc düşdü, vətərlər cırıldı. Ona görə mübarizə apara bilmədim”.

 

İdmançı hakimlərdən də şikayət edib. O, yarış zamanı hakimlərin də onu çox sıxdığını qeyd edib: “Biz görmüşük ki, yarış keçirilən ölkənin idmançısına hakimlər, bir az da olsa, dəstək olur, bizdə isə əksinə oldu. Məni daha çox sıxdılar”.

 

İ.Zəkiyev müalicəsinin davam etdiyini deyib: “Hazırda  müalicəm davam edir. Yavaş-yavaş məşq edirəm. Qolumu gücə salmaq olmaz. Tezliklə qolum sağalandan sonra tam məşqləri bərpa edəcəyik. Bizi hələ qarşıda çox yarışlar gözləyir”.

Müəllif: Təranə Xudabaxşiyeva