İlham Əliyevdən iki önəmli təyinat

İqtisadiyyat

29.11.2019 - 16:21

Prezident İsrafil Məmmədovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin edib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə rəhbəri noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib.

 

Görüşdə çıxış edən Prezident deyib:

 

“Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilmişdir. Siz on ildən çoxdur ki, direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Bu, böyük etimaddır. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.

 

Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Bu il biz Fondun yaradılmasının 20-ci ildönümünü qeyd edəcəyik. Əlamətdar hadisə ondan ibarətdir ki, “Çıraq” platformasından ilk neft çıxarılandan iki il sonra - 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılmışdır. Fondun yaradılması ulu öndər Heydər Əliyevin tarixi qərarıdır. Bu gün bu qərar onu göstərir ki, nə qədər düzgün və vaxtında atılmış bir addım idi. Onu da bildirməliyəm ki, Neft Fondunun yaradılması ilə bağlı təklifi Ulu Öndərə mən vermişdim. O vaxt hökumətdə müxtəlif fikirlər var idi və hökumət üzvlərinin bəziləri bunun əleyhinə çıxmışdılar. Onların təklifi ondan ibarət idi ki, neftdən gələcək bütün gəlirlər büdcəyə daxil olsun və hər il xərclənsin. Əgər bu yanaşma seçilsəydi, bu gün Dövlət Neft Fondumuzda pul olmayacaqdı. Mən bu təklifin əleyhinə çıxdım. Sübut etməyə çalışırdım və buna nail oldum ki, məhz vəsaiti şəffaf şəkildə saxlamaq, ölkəmizin strateji istiqamətlərinə yönləndirmək və gələcək nəsillər üçün qoruyub saxlamaqdan ötrü mütləq Dövlət Neft Fondu yaradılmalıdır. Mənim təşəbbüsümlə Azərbaycan dövlət qurumlarının nümayəndələrindən ibarət heyət dünyanın müxtəlif ölkələrinə ezam edilmiş və orada oxşar fondların fəaliyyəti ilə tanış olmuşdur. Bundan sonra biz dünyada mövcud olan ən şəffaf və ən işlək model üzərində dayanıb onu qəbul etmişik və ötən 20 ilin təcrübəsi onu göstərir ki, bu, yeganə düzgün qərar idi. Deyə bilərəm ki, bu, tarixi qərar idi. Çünki Dövlət Neft Fondunun vəsaiti - orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.

Ayna.az