Karantin qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində həbs tədbiri tətbiq olunub
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, yanvarın 9-10-da nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 3521 nəqliyyat vasitəsi müəyyənləşdirilərək geri qaytarılıb. Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan 5083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub.
Eyni zamanda, ev şəraitində müalicə təyin edilən 9 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. Yeddi nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq araşdırmaları davam etdirilir. DİN vətəndaşlardan izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət olunmasını xahiş edir.