“Azərbaycan xalqı min illik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq göstərməyib”
Auşvitsin azad edilməsindən 80 il sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu tarixdə Beynəlxalq Holokostu Anma Gününü qeyd edib. Bu il mərasim həmişəkindən formal xarakter daşıyıb: AŞPA-nın Strasburqdakı plenar iclaslarının əsas zalında keçirilib. Mərasimin fəxri qonaqları arasında İsrailin keçmiş Aşkenazi baş ravvinləri İsrael Meir Lau və onun oğlu ravvin Moşe Xaim Lau da olub. Mərasimdə Avropa Şurasının baş katibi Alen Berset, Lüksemburqun Baş naziri Lük Friden və AŞPA-da təmsil olunan ən böyük partiyaların nümayəndələri də iştirak ediblər.
Çıxışında İsrael Lau Auşvitsdə sağ qalma hekayəsini danışıb: “Yeddi yaşlı uşaq olarkən hər iki valideynimi itirdim. Qardaşım Naftali mənə dedi: “Lyolik, məncə, sənin sağ qalmaq şansın yoxdur. Amma sağ qalsan, unutma ki, mütləq İsrailə getməlisən”. Mən ondan bunun səbəbini soruşdum. O isə mənə cavab verdi: “Orada yəhudiləri öldürmürlər”. Mən ora gəldim və tezliklə İsrailin müstəqilliyi elan olundu. Həmin gecə bütün sakinlər evlərindən tökülüb küçələrdə rəqs edirdilər. Və bu günlərdə biz il yarımdır ki, yenidən müharibə vəziyyətindəyik. Qonşularımız bizə qarşı çıxdı. Auşvitsin azad edilməsindən 80 il sonra yəhudi xalqı bütün dünyada antisemit hücumları ilə üzləşir”.
“Amma qeyd etmək istərdim ki, yəhudi xalqının başına gələn bütün zülmətlərdə bəzi parlaq hadisələr də var. Bir neçə müsəlman ölkəsi İsraillə sülh müqaviləsi imzalayıb. Əvvəlcə Misir və İordaniya bunu etdi və bir neçə il əvvəl “İbrahim sazişləri” imzalandı. Bu gün isə İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Azərbaycanı, yəhudi xalqı və İsraillə sıx əlaqələri olan müsəlmanların çoxluq təşkil etdiyi dövləti. Bu gün Azərbaycan İsraillə çiyin-çiyinə, şərlə üz-üzədir. Azərbaycan xalqı min illik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq göstərməyib. Üstəlik, Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb. Oktyabrın 7-də baş vermiş təbii fəlakətdən sonra isə yüzlərlə Azərbaycan vətəndaşı İsrail səfirliyinə gələrək gül buketləri və başsağlığı məktubu gətiriblər. Yaradan bizə pis əməlləri xatırlamağı əmr edir. Amma biz İsrail xalqına qarşı qəlbində sevgi və qardaşlıq atəşi alovlananları da xatırlamalı və onlara təşəkkür etməliyik”, - deyə çıxışını yekunlaşdırıb.