Həmkəndlilər arasında dayanacaq davası

Cəmiyyət

05.02.2020 - 19:57

Anar Nəcəfli: "Həmin sənədin hansı yolla alınmasını araşdırmağa çalışırıq”

 

Qazax rayonu Çaylı kəndinin bir qrup sakini AYNA-ya müraciət edib. Onlar Çaylı-Kommuna yolunun kəsişməsində yerləşən avtobus dayanacağının keçmiş məmur tərəfindən zəbt olunduğunu iddia edirlər.

 

Sakinlər bildirirlər ki, qanunvericiliklə özəlləşməsi qadağan edilən və yol sahəsinə aid olan dayanacaq Nazim Xasməmmədov adlı sabiq icra başçısı tərəfindən qeyri-qanuni olaraq özəlləşdirilib: “Nazim Xasməmmədov əvvəllər rayonda icra başçısı işləyib, sonra həbs olunub. Həbsdən çıxandan bir müddət sonra Çaylı Kənd Bələdiyyəsinin sədri olub. Bələdiyyə sədri işlədiyi müddətdə vəzifəsindən sui-istifadə edərək bələdiyyədən möhürlü blanklar götürüb. İndi də həmin blankların hesabına istədiyi yerə sahiblənir. Sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş dayanacağı da bu üsulla özəlləşdirib”.

Kənd sakinləri iddia edirlər ki, N.Xasməmmədov indi də həmin dayanacağı söküb yerində ticarət obyekti tikdirir: “Kənd yeridir, yağış yağır, avtobus gözləyən adamlar daldalanmağa bir yer tapmırlar. Dayanacağı sökdürüb yerində mağaza tikdirir, hazırda qapı-pəncərə qoyulur mağazaya. O vaxt Sürət Hüseynovun adamı idi, gətirib icra başçısı qoymuşdular. İndi də heç kimdən qorxusu yoxdur, bildiyini edir”.

Sakinlərin sözlərinə görə, bu barədə bütün aidiyyəti qurumlara məlumat versələr də, heç bir nəticəsi olmayıb: “Həmin şəxsin əlində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş özəlləşdirmə sənədi olduğundan, heç kim heç nə edə bilmir. Kənd yolu, o cümlədən dayanacaqlar “Azəravtoyol”un (indiki AAYDA - red.) balansında olduğuna görə həmin quruma məktub göndərmişdik. Cavab gəldi ki, həmin dayanacağı sökməyə heç kimin ixtiyarı yoxdur. İndi ancaq ümid qalıb ki, həmin özəlləşdirmə sənədi ləğv olunsun. Ona görə sizdən xahiş edirik ki, bu işdə bizə kömək edəsiniz”.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Nazim Xasməmmədov ittihamları qəbul etmədiyini deyib: “Yalan deyirlər, hələ Heydər Əliyevin vaxtında kəndə asfalt yol çəkilib, təzə dayanacaq qoyulub. Mənim mağaza tikdiyim yerdə isə 70-ci illərdə, Ermənistana avtobus işləyəndə dayanacaq mövcud idi. Sonradan dayanacaq uçub dağılmışdı, yerini də bələdiyyə mənə satıb. Bələdiyyə də yeri mənə qanunsuz satmayıb, Yol İdarəsinə sorğu göndərilib və cavab alınıb ki, həmin ərazi onların balansında deyil”.

“Mən bələdiyyə sədri yox, bir müddət bələdiyyədə müavin olmuşam. İkinci qrup Qarabağ əliliyəm, yüksək vəzifələrdə işləmişəm, heç zaman qanunsuz iş görmərəm. Yerin bütün sənədləri var, özəlləşdirmişəm. 2014-cü ildə Yol İdarəsindən arayış da almışam, həmin arayışda qeyd olunub ki, dayanacaq istifadəyə yararsız olduğuna görə onların balansından silinib. Bundan sonra ərazidə mağaza tikmişəm. Mağazanın qabağında çıxıntı var, ora oturacaq da yerləşdirəcəm, ehtiyac olacağı təqdirdə sakinlər dayanacaq kimi istifadə edə biləcəklər. Həmçinin hərəkət yolunun sağ tərəfində müasir tipli dayanacaq quraşdırılıb”, - deyə N.Xasməmmədov qeyd edib.

O, ehtimal edir ki, bu şikayət onunla şəxsi ədavəti olan qonşusu tərəfindən edilir: “Qonşuluğumda, ictimai ayaq yolunu mənimsəyərək mağaza tikmiş şəxs mənimlə ədavət aparır. Özü qanunsuz tikililər aparsa da, bu mağazını tikdiyimə görə məni gözü götürmür. Bu barədə hər yerə müraciət edib, İcra Hakimiyyətinə şikayət edib, ancaq hər yerdə ona bildiriblər ki, "bu adam qanunsuz iş görməyib". Çox xahiş edirəm ki, kəndə gələsiniz, insanları danışdırasınız, kimin haqlı, kimin haqsız olduğuna aydınlıq gətirəsiniz. Belə olacağı təqdirdi, İcra Hakimiyyətinə də kömək etmiş olarsınız, bu məsələyə nöqtə qoyular, onların da canı dincələr, mənim də”.

Картинки по запросу

Şikayətə aydınlıq gətirmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələni araşdırdıqdan sonra bildirdi ki, həqiqətən də Qazax rayonunda belə bir hadisə baş verib: “Sözügedən ərazidəki dayanacağın ətrafı bağlanılaraq kiçik ticarət obyekti tikilib. Dayanacaq bizim balansımızdadır, ancaq həmin adamın əlində haradansa, hansı yollasa yerli əmlak idarəsi tərəfindən verilmiş sənəd var. Bununla bağlı müraciət hazırlayırıq ki, həmin sənədin hansı yolla alınması araşdırılsın və bu problem aradan qaldırılsın”.

Müəllif: Rumiyyə Miraslan