Hərəkatın yekun mövqeyi yaxın günlərdə müəyyənləşəcək
Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına dair sülh planına tərksilah müddəaları ilə bağlı dəyişiklik etmək niyyətində olduqlarını açıqlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə AFP mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təşkilat hərəkat üzvlərinin və onun fraksiyalarının məcburi tərksilah edilməsinə və qovulmasına son qoyulmasını, İsrail qoşunlarının tamamilə çıxarılması üçün beynəlxalq təminatların verilməsini, həm Qəzza daxilində, həm də onun hüdudlarından kənarda fələstinlilərə təhlükəsizlik zəmanətlərinin verilməsini tələb edir.
Mənbə əlavə edib ki, HƏMAS daxilində iki mövqe var. Bəzi liderlər zəmanətli atəşkəsi ən vacib element hesab edərək planı qeyd-şərtsiz dəstəkləməyə hazırdırlar. Digərləri müqavimət məsələsi də daxil olmaqla, əsas məqamlarla bağlı şərtlərini irəli sürürlər ki, “Qəzza zolağının işğalı qanuniləşdirilməsin və müqavimət kriminallaşdırılmasın”.
Danışıqlar davam edir və HƏMAS-ın yekun mövqeyi yaxın günlərdə müəyyənləşəcək.
HƏMAS-ın müzakirəçiləri çərşənbə axşamı Dohada Türkiyə, Misir və Qətər rəsmiləri ilə görüşüblər. Mənbələr deyib ki, son qərara gəlmək üçün qrupa “ən çoxu iki-üç gün” lazımdır.
Qeyd edək ki, sentyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb. Danışıqların yekununda Qəzzada vəziyyətin nizamlanması üçün 21 bənddən ibarət sülh planı qəbul edilib.