Həftə sonuna damğa vuran mövzu – <font color=red> İTGƏZDİRƏNLƏR</font>

Cəmiyyət

16.06.2020 - 12:54

“Öncə qız iti gəzdirə-gəzdirə gedirdi, bir az sonra həmin iti bir oğlan gəzdirməyə başladı”

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu evə qapanma qərarının içərisində bir məqam xüsusi müzakirə olundu – itlə küçəyə çıxmaq olar. Yəni iti olan vətəndaşlara itlərini gəzdirmək üçün icazə verildi. Bu qərar isə insanlar tərəfindən heç də birmənalı qarşılanmadı, hətta, məsxərəyə qoyuldu.

 

Bəs, bu qədər müzakirədən sonra küçələrdə itlə gəzən insanlar göründümü? Bu qərardan sui-istifadə edərək, qayda pozanlara rast gəlindimi?

 

AYNA bu suallarla, əvvəlcə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevə, daha sonra sosial şəbəkə istifadəçilərinə müraciət edib. Hacıyev bu barədə məlumatlı olmadığını deyib. Arzu Umut, Aysel Azad adlı sosial şəbəkə istifadəçiləri özləri evdən çölə çıxmadıqları üçün bu cür hallarla rastlaşmadıqlarını bildiriblər. Başqa istifadəçilər isə maraqlı fikirlər açıqlayıblar. Beləliklə:

 

Elyar İslamoğlu: “Pəncərədən baxırdım. Öncə bir qız it gəzdirə-gəzdirə keçdi. Bir az sonra həmin iti bir oğlan gəzdirməyə başladı. Sərt karantin rejimində nəinki it gəzdirməyə, heç nəyə icazə verilməməlidir. İt gəzdirən vətəndaş virusa yoluxmur? Absurd qərar idi. Ümid edirəm davam etməz”.

 

Ağa Dadaşzadə: “Bəli, ömründə itlə görmədiyim adamları itlə gördüm”.

 

Mahir Ələkbərov: “Əlbəttə ki, bu qərardan da sui-istifadə edənlər oldu və bu, bir daha göstərdi ki, insanlar vəziyyətin ciddiliyini qəbul etmir və ya etmək istəmirlər”.

 

Mansur Rəğbətoğlu: “Evdən çölə çıxmamışam, ara-sıra balkondan baxmışam, bir-iki küçə iti vardı, onlar da adamsız zibil qutularının yanında veyillənirdi. Yanında it gəzdirən görmədim, heç adam da görmədim. Partizan kimi polis qorxusu ilə divarın dibinə - xəlvətə çəkilən bir neçə nəfərdən başqa heç kimi görmədim”.

 

Elmir Muradov: “Mən ötən həftədən it axtarıram, hələ də tapa bilməmişəm. Belə getsə, satdıq itlərin də qiyməti bahalaşacaq”.

 

Şükür Hüseynov: “Bu, ola bilsin, sadəcə gündəmi dəyişdirmək üçün ortaya atılmış bir şeydir. Çünki hamı bu mövzuda danışdı. Düzü, bu qərarın səbəbin də anlamıram”.

 

Pərvin Hikmət Əfəndi: “Normal it sahibi itini səhər 6-da və axşam 8-dən sonra gəzdirir. Biz tərəfdə it sahibi çoxdur. Biz gəzəndə heç kimi görmədik”.

 

Fərqanə Mehmanqızı: “Ümumiyyətlə, yanaşmanı dəyişmək lazımdır. Keçən həftə insanların aqressiyası ilə qarşılaşdıq, bu həftəsonu isə insanlar bölgələrə qeyri-leqal yollarla qaçdılar. Bir müddət sonra kütlənin aqressiyasının qarşısında durmaq mümkün olmayacaq. Məncə, marketləri, restoranları, satış mağazalarını bağlayıb, ictimai nəqliyyatın fəaliyyətini dayandırıb, insanlara azadlıq verilməlidir. O zaman insanlar getməyə yer tapmayacaqlar və psixoloji qadağa olmadığı üçün istəsələr də, istəməslər də, evdə oturmalı olacaqlar. Və ya həyətə düşəcəklər, həyətə isə həftənin beş günü onsuz da düşürlər”.

 

Dilarə Zamanova: “Mən bu gün bir dəfə küçədə it gəzdirən kişi gördüm. İt ağ rəngdə idi. Başqa görmədim”.

 

İsgəndər Əli: “Dünən axşam radələrində itlə gəzən insanlar var idi, təbii ki, bu fürsət qaçırılmazdır”.

 

Fərid İsmayılov: “Jurnalistin fəaliyyəti məhdudlaşdırılır. Lakin itlə gəzənlərə imkan verilir”.

Müəllif: Ülviyyə Şahin